Son zamanlar nəqliyyat vasitələrində NFC ödəniş sistemləri ilə bağlı narazılıqlar yaranıb. Sərnişinlər gün ərzində nəqliyyat vasitələrindən istifadə etməsələr də, kartlarından əlavə və ya təkrar məbləğ çıxılmasından şikayətçidirlər.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Məsələ ilə bağlı açıqlama verən "Kapitalbank"dan bildirilib ki, metro və avtobuslarda edilən təmassız ödənişlərin məlumatı bank sisteminə bəzən gecikmə ilə ötürülür:
"Bu səbəbdən məbləğ kartınızdan sonradan silinə bilər. Narahat olmayın, hesabınızdan təkrar və ya artıq vəsait tutulmur. Bank olaraq bizə ötürülən əməliyyat məlumatları əsasında yalnız müəyyən edilmiş məbləğin hesabınızdan silinməsi icra olunur".
"Unikal"ın sorğusuna cavab olaraq “BakıKart”ın mətbuat üzrə mütəxəssisi Aynur Kərimli bildirib ki, ictimai nəqliyyatda NFC texnologiyası ilə həyata keçirilən ödənişlər gecikdirilmiş avtorizasiya prinsipi əsasında işləyir. Bu səbəbdən sərnişinlər tərəfindən edilən gedişlər üzrə vəsaitlər dərhal deyil, müəyyən zaman intervalı ilə bank kartlarından çıxılır.
"Bəzi hallarda istifadəçilərdə ödənişlərin “ardıcıl və ya təkrarlanan çıxılma” kimi görünməsi müşahidə oluna bilər. Lakin bu, sistemdə hər gedişin ayrıca və düzgün şəkildə emal olunması və ödənişlərin gecikmə ilə əks olunması ilə bağlıdır.
Qeyd edirik ki, sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir. Mövcud proses NFC ödəniş sisteminin standart işləmə mexanizminə uyğundur", - deyə qurum rəsmisi qeyd edib.
Nuranə Abbasova
