Niderland və Belçika parlamentlərinin nümayəndələr palataları yenə Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəliblər.
"Unikal" xəbər verir ki, aprelin 16-da Niderland parlamentinin nümayəndələr palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin nümayəndələr palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu sənədini qəbul edib. Sənəddə həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur.
Niderland və Belçika parlamentlərində Azərbaycana qarşı qərəz ilk dəfə müşahidə edilmir. Belə təşəbbüslər dəfələrlə olub və artıq sistemli xarakter alıb. Bu tendensiya həmin ölkələrin siyasi dairələrində məsələlərə balanslı və hüquqa əsaslanan yanaşmadan daha çox selektiv mövqenin, bir çox hallarda isə ermənipərəst təsirin gücləndiyini göstərir.
Halbuki beynəlxalq hüquq çərçivəsində həm Niderland, həm də Belçika Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ölkəmizin suverenliyini şübhə altına almır. Bu baxımdan, əsas ziddiyyət ondan ibarətdir ki, rəsmi səviyyədə suverenlik və ərazi bütövlüyü tanındığı halda, Azərbaycan ərazisində baş verən proseslərə dair siyasi ritorikada fərqli və seçici yanaşmalar ortaya çıxır.
Eynilə Belçikaın müstəmləkəçilik tarixi, xüsusilə Konqo və Mərkəzi Afrikadakı idarəçilik dövrü ilə bağlı beynəlxalq tarixşünaslıqda geniş tənqid olunan və ağır insan hüquqları pozuntuları ilə yadda qalan bir mərhələ kimi qiymətləndirilir. II Leopold dövründən başlayaraq Konqoda tətbiq edilən zorakı iqtisadi istismar, kütləvi zorakılıqlar və yerli əhalinin hüquqlarının sistemli şəkildə pozulması bu siyasətin ən ağır nəticələri kimi qeyd olunur. Tarixi mənbələrdə 1897-ci il Brüssel sərgisi çərçivəsində Tervüren bölgəsində Konqodan gətirilmiş insanların "eksponat" kimi nümayiş etdirilməsi kimi hadisələr həmin dövrün irqçi ideologiyasının simvolik təzahürü kimi göstərilir. Eyni zamanda, müstəmləkə dövründə və sonrakı illərdə minlərlə uşağın ailələrindən ayrılması və assimilyasiya məqsədilə köçürülməsi kimi iddialar da bu irsin mübahisəli və ağrılı tərəfləri kimi müzakirə olunur.
Belçika parlamenti tərəfindən Azərbaycan əleyhinə qəbul edilən bəzi qətnamələr obyektiv hüquqi qiymətləndirmədən çox, selektiv siyasi yanaşmanın məhsulu kimi görünür və bu, beynəlxalq hüququn universallığı prinsipi ilə ziddiyyət təşkil edir.
