"Ölkəmizdə nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, o cümlədən dəmir yollarının yenidən qurulması cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir və bu gün bura biz bu uğurlu siyasətin daha bir bəhrəsini – Kürdəmir stansiyasının, belə demək mümkünsə, dəmiryol xəritəsinə qayıdışını qeyd etmək üçün toplaşmışıq".

"Unikal" xəbər verir ki, bunu Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində çıxışı zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müavini Arif Ağayev deyib.

Sədr müavini bildirib ki, təxminən 6 il sonra buraya qatarla ilk rəmzi səfər baş tutub:

"Bu stansiyanın yenidən xidmətə verilməsi dəmir yolları üçün əlamətdar hadisədir. Çünki Kürdəmir coğrafi yerləşməsinə görə həm ölkəmizdən keçən beynəlxalq dəhlizlər, həm də ölkədaxili marşrutlar üzərində mühüm mövqeyə malikdir. Azərbaycan Dəmir Yollarının buraya qatar səfərlərini bərpa etməsi ilə bu üstünlük artıq sərnişindaşımada da hiss olunacaq.

Başqa sözlə desək, Bakı-Qazax-Bakı,  Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonu və bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutlarına inteqrasiya ediləcək Kürdəmir stansiyası vasitəsilə həm burada, həm də ətraf bölgələrdə nəqliyyat əlçatanlığı daha da yüksələcək. Kürdəmirlə yanaşı, Ağsu, Göyçay, Zərdab, Sabirabad rayonlarının sakinləri üçün də mobillik genişlənəcək. Buradan həm Bakıya, həm şimal və qərb rayonlarına, həm də Qarabağa rahat və təhlükəsiz səfər etmək olacaq. Müasir qatarlar paytaxtdan Kürdəmirə pandemiyadan öncəki ilə müqayisədə 1 saat tez çatacaq.

Daha bir ilk kimi Kürdəmirə müasir Stadler qatarları ilə səfərlərin təşkil olunacağını qeyd etmək istərdim. Komfortlu qatarlarla artıq həftənin bütün günlərində sərnişinlərə xidmət göstəriləcək".

A.Ağayev qeyd edib ki, Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha əlçatan etməyi və xidmət coğrafiyasını genişləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan Dəmir Yolları sərnişindaşıma xidmətinin dayanıqlı inkişafı üçün pandemiyadan əvvəl mövcud olmuş marşrut və stansiyaların bərpasını mərhələli şəkildə həyata keçirir:

"Bu istiqamətdə 2023-cü ildə Bakı–Gəncə–Bakı marşrutu Ağstafaya qədər uzadılıb, ilk dəfə olaraq Qəbələyə sürətli qatar reysləri təşkil olunub. 2024-cü ildə yeni qatarlar istismara verilib, Bakı–Ağstafa–Bakı xətti üzrə reyslərin sayı artırılıb, Ləki və Ucar stansiyalarında dayanacaqlar təmin edilib.

2025-ci ildə isə sərnişindaşıma daha da genişləndirilib: ilin əvvəlində Bakı–Balakən–Bakı, iyun ayında Bakı–Qazax–Bakı, avqustda isə Bakı–Ağdam–Bakı marşrutları bərpa olunub. Bununla yanaşı, ilk dəfə Gəncə-Qəbələ-Gəncə xətti istifadəyə verilib".

Anar Kəlbiyev