Bakıda vətəndaşlara qarşı 2 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ülvi Əlişov dindirilib:
"Təqsirləndirilən şəxs olan Cahangir Qəmbərovu tanıyıram. Bu məsələ polis idarəsinə də dəvət olunmuşam. Mən bir kabel sexində mühasibəm. Cahangir o vaxt sexlərə xam mal verirdi. Mən eyni zamanda mühasib üzrə müəlliməm. Tələbələrimdən biri olan Rövşən Yaqubovu ona yönləndirdim. Vergidə hesabatlarla bağlı köməklik edirdim. Rövşən mənə xarici ölkələrə nə qədər pul köçürməsi ilə bağlı deyil çətinliyi olanda məlumat verirdi. Cahangirin hansı şirkətə nə qədər pul köçürməsi barədə məlumatım yox idi. Onunla əməkdaşlığın 2021-2022-ci illəri xatırlayıram. Nə qədər ticari dövriyəmizi xatırlamıram. Rövşən Yaqubovu şahid qismində məhkəməyə dəvət etsəz bir çox məsələyə aydınlıq gətirər".
Zərərçəkmiş Əhməd Mütəllimov bildirib ki, Cahangir Qəmbərov mühasib vasitəsilə ona saxta ödəniş tapşırıqları və digər bank sənədləri təqdim edib.
"Ülvi ilə dəfələrlə danışıqların olduğunu diqqətə çatdırıb. Bütün işləri Ülvi aparıb. Ödəniş tapşırıqları və digər sənəd işləri ilə bağlı Ülvi məşğul olub" .
Məhkəmənin növbəti iclası martın 11-nə təyin edilib.
Xatırladaq ki, ittihamda bildirilir ki, Cahangir Qənbərov müxtəlif vaxtlarda paytaxt sakinləri – fərdi sahibkarlıqla məşğul olan Əhməd Mütəllimov, Tamerlan Rəşidov, Hacıbala Məlikov və Liliya Muxiyevanın etibarından süi-istifadə edərək müxtəlif şərti biznes qurmaq adı ilə aldadaraq onların 2 milyon manatadək pullarını mənimsəyib.
Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
