"Qlobal miqyasda süni intellektin inkişafı müxtəlif modellər üzrə formalaşır. Kanada və Avropa ölkələri daha çox tədqiqat və etik tənzimləmə mexanizmlərinə, ABŞ innovasiya ekosisteminə, Çin isə genişmiqyaslı praktiki tətbiqlərə üstünlük verir".
Bunu "Unikal"a açıqlamasında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın yanaşması isə bu modellərin balanslaşdırılmış sintezinə əsaslanır.
"Biz həm insan kapitalının inkişafını, həm dövlət idarəçiliyində tətbiqi, həm də biznes mühitinin dəstəklənməsini paralel prioritetlər kimi müəyyən etmişik. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyasının məntiqi də məhz bu kompleks yanaşma üzərində qurulub.
Strategiyanın əsas məqsədi süni intellekti ayrı-ayrı texnoloji həllər kimi deyil, dövlət idarəçiliyinin, iqtisadiyyatın və insan kapitalının transformasiyasını təmin edən sistemli alət kimi formalaşdırmaqdır. Burada institusional hazırlıq, idarəetmə bacarıqları və peşəkar kadr potensialının gücləndirilməsi mühüm yer tutur.
Beləliklə, süni intellekt sosial-iqtisadi inkişafı sürətləndirən, qərarvermə proseslərini daha səmərəli edən və rəqəmsal dövlət quruculuğunu gücləndirən əsas mexanizmlərdən biri kimi nəzərdə tutulur", - deyə S.Əsədov qeyd edib.
