Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev, Texnoparkın əməkdaşları və universitetin startapçı tələbələri IV Aqrar Startaplar və İnnovasiya Forumunda iştirak ediblər.  

"Unikal" xəbər verir ki, forum  Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin birgə təşkilatçılığı ilə İtaliya-Azərbaycan Universitetində keçirilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, akselerasiya və inkubasiya mərkəzlərinin təmsilçiləri, investorlar, aqrar startapçılar və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər iştirak ediblər.

Forumun açılışında ADA Universitetinin rektoru Hafiz Paşayev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edərək aqrar sahədə innovasiyaların tətbiqinin strateji əhəmiyyətini vurğulayıblar. Eyni zamanda gənclərin aqrar sahəyə marağının artırılması məqsədilə keçirilən müsabiqələr, hakatonlar və innovativ layihələr barədə məlumat verilib.

BMU forum çərçivəsində keçirilən sərgidə “Aqro Seq & Aqro GPT”, “EkoEtanol və Aqrokompozit Gübrə”, “RenoVoltis” (BFE System) və “GreenGuest” innovativ startap layihələri ilə çıxış edib. Maraqla qarşılanan bu layihələr  universitetin texnologiya və aqrar sahədəki yenilikçi yanaşmalarını nümayiş etdirərək kənd təsərrüfatı sahəsində praktiki və müasir həllərin inkişafına töhfə verir. 

BMU-nun bu nüfuzlu platformada iştirakı universitetdə innovasiya mühitinin inkişaf etdiyini, tələbələrin elmi biliklərini praktik və kommersiya yönümlü layihələrə çevirmək bacarığını göstərir.