Xəbər verdiyimiz kimi, Azər İsmayıl oğlu Mursaqulov Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

"Unikal"ın məlumatına görə, A.Mursaqulov 1981-ci ildə ildə anadan olub. 2003-cü ildə Türkiyənin Boğaziçi univesitetinin Biznesin İdarəedilməsi fakultəsini fərqlənmə diplomu ilə bitirib, həmin ildə ABŞ-ın Corciya Universitetinin İqtisadiyyat üzrə PhD (Fəlsəfə Doktoru) proqramına universitetin təqaüdü ilə qəbul olunaraq 2008-ci ildə iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.

A.Mursaqulov 2007-2010-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin iqtisadi məsələlər üzrə köməkçisi, 2010-12-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri, 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyinin Dövlət Borclarının İdarə Edilməsi Agentliyində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb.

2019-cu ildə isə Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, A.Mursaqulov 20 Yanvar şəhidi, professor İsmayıl Mursaqulovun oğludur. İ.Mursaqulov 1990-cı ilin yanvarın 24-ü Azərbaycan SSR Elmlər Akademiyasının Sumqayıt filialına işə gedərkən Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində tank onun olduğu və yolun kənarında dayanmış avtomobilin üzərindən keçib. Ağır zədə alan professor fevralın 3-ü 50 yaşında vəfat edib.

İsmayıl Mursaqulov Şəhidlər xiyabanında dəfn olunub.

Seymur Əli