“Sabah” futbolçusu Boyan Letiçlə yollarını ayırıb.
"Unikal" klubun rəsmi saytına istinadla xəbər verir ki, Bosniya və Herseqovinalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
B.Letiç 2022-ci ilin fevral ayından “Sabah”ın üzvü idi. O, komandanın heyətində ümumilikdə 125 oyun keçirib. Letiç “Sabah”ın tarixində vacib rol oynamış futbolçulardandır. 33 yaşlı müdafiəçi paytaxt təmsilçisinin tarixi ərzində ən çox oyun keçirmiş ikinci futbolçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifidir. O, “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.
