Bakıda 3 nəfərin 500 min manatdan artıq pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkən tərəf Zamiq Xankişiyev barədə qərar dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunması ilə bağlı vəsatət təqdim ediblər.

Müşavirədən sonra vəsatət əsassız hesab edilərək təmin edilməyib. Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Növbəti proses dekabrın 26-na təyin edilib.

Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaqa cəlb olunub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb. Onu da qeyd edək ki, təqsirləndirilən şəxs "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış Fəyyaz Xankişiyevin oğludur.

Seymur Əli