Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Ali Məclisinin növbəti sessiyasında Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.

"Unikal"ın məlumatına görə, 38 yaşlı Samiq Sadıxov cəmi 1 il 6 ay nazir kimi işləyib. O, 2017-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru, 2020-2023-cü illərdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsinin direktoru vəzifəsində çalışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 12 aprel tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib, nazir vəzifələrini müvəqqəti icra edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il 31 may tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası səhiyyə naziri vəzifəsinə təyin edilmişdi.