Gümrü icmasının rəhbəri Vardan Qukasyan parlamentin sədr müavini Ruben Rubinyan və Ermənistan Respublikasına qarşı iddia qaldırıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb.
O, təkcə böhtan xarakterli məlumatı təkzib etməyi deyil, həm də təqsirsizlik prezumpsiyasının pozulması faktının tanınmasını və təzminat ödənilməsini tələb edib.
Rubinyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin araşdırdığı cinayət işi çərçivəsində Qukasyana qarşı ittiham irəli sürüldükdən sonra "Facebook" səhifəsində müxtəlif paylaşımlarda onu “korrupsioner əclaf” adlandırıb.
Vardan Qukasyan məhkəmədə böhtan sayılan faktiki məlumatı açıq şəkildə təkzib etməyi və bunun nəticəsində vurulmuş mənəvi ziyana görə - 500 min dram kompensasiya ödəməyi tələb edir.
Bundan əlavə, V.Qukasyan onun fundamental hüququnun, ədalətli məhkəmə araşdırması hüququnun (təqsirsizlik prezumpsiyası) pozulduğunu hesab edir və pozuntu faktının məhkəmədə təsdiqini və fundamental hüquqların pozulması nəticəsində dəymiş mənəvi zərərin əvəzi kimi Ermənistan Respublikasından onun xeyrinə 500.000 dramın ödənilməsini tələb edir.
İddia noyabrın 24-də Şirak Rayon Ümumi Yurisdiksiya Məhkəməsinə verilib və işin məhkəmə baxışına qəbul edilməsi ilə bağlı qərar hələ çıxarılmayıb.
Xatırladaq ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2025-ci il oktyabrın 20-də Vardan Qukasyanı meriyanın binasında həbs edib. O, hazırda həbsdədir.
Ağarza Elçinoğlu
