"Azərbaycan ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq sülh quruculuğu prosesinin ən vacib elementlərindən biri ola bilər. Azərbaycan bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 65 faizini formalaşdırır".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, uzun illər davam edən münaqişə səbəbindən regiona yönələn investisiyaların həcmi potensialdan xeyli az olub:

"Sülhün bərqərar olması isə bütün region üzrə iqtisadi dinamikanı artıracaq və daha genişmiqyaslı beynəlxalq sərmayələrin cəlb edilməsinə şərait yaradacaq. Enerji təhlükəsizliyi region üçün strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi Azərbaycan qazını Avropaya çatdıran və Avropanın enerji şaxələndirməsinə töhfə verən əsas xətdir. Bu dəhlizdən həm Azərbaycan, həm Avropa ölkələri, həm də tranzit iştirakçılar kifayət qədər faydalanır. Sülh razılaşması və sabitlik isə bu və digər enerji layihələrinin daha dayanıqlı şəkildə inkişafına imkan verəcək.

Belə ki, Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir və Cənub Qaz Dəhlizi üzrə həcmlər hər il yüksəlməkdədir. Rəsmi göstəricilərə görə, 2021-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə xarici ölkələrə 17,8 milyard kubmetr qaz ixrac edib. 2024-cü ildə isə bu göstərici 22,9 milyard kubmetrə çatıb. Bu, 2021-ci illə müqayisədə 28,65 faiz artım deməkdir. Azərbaycanın enerji siyasəti təkcə region deyil, həm də Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, TAP və TANAP kimi layihələrin ötürücülük qabiliyyətinin artırılması, eləcə də Xəzər hövzəsi üzrə yeni nəqliyyat marşrutları bu prosesə əlavə dinamika gətirir. Azərbaycanın artan enerji potensialı ölkənin qlobal enerji bazarındakı rolunu daha da gücləndirir və qarşıdakı illərdə qaz ixracının daha da artacağı gözlənilir".