Azərbaycan Texniki Universitetində (AzTU) 2025-ci ildə daxili qrant müsabiqəsinin qalibi olmuş “Hesablama təhsilində Blum taksonomiyası və süni intellekt texnologiyalarının inteqrasiyası” adlı layihə təqdim olunub.

"Unikal" xəbər verir ki, layihənin rəhbəri, Kompüter texnologiyaları kafedrasının dosenti Zəfər Cəfərov bildirib ki, layihənin məqsədi hesablama təhsilində tədrisin keyfiyyətini yüksəltmək, tələbələrin idrak bacarıqlarını inkişaf etdirmək və süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası imkanlarını araşdırmaq olub.

Layihə çərçivəsində “Blum taksonomiyası”nın əsas prinsiplərini süni intellekt texnologiyalarının imkanları ilə birləşdirərək çevik, fərdiləşdirilmiş və səriştəyönümlü tədris modelinin formalaşdırılması imkanları öyrənilib.

Tədqiqatlar zamanı süni intellekt texnologiyalarından istifadə etməklə tədris materiallarının və tapşırıqların taksonomiyanın idraki səviyyələrinə uyğun hazırlanması, tələbələrin fərdi öyrənmə xüsusiyyətlərinin nəzərə alınması, təlim nəticələrinin qiymətləndirilməsi, eləcə də müəllimlər üçün süni intellekt dəstəkli tədris vasitələrinin tətbiqi istiqamətində müvafiq işlər həyata keçirilib.

Hazırlanmış yanaşmalar İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsində praktiki olaraq tətbiq edilib. Əldə olunan nəticələr tələbə və müəllimlərin rəyləri əsasında təhlil olunub.

Müzakirələr zamanı bildirilib ki, yeni model tədris prosesində süni intellektdən məqsədyönlü istifadəyə, müəllimlərin rəqəmsal pedaqoji səriştələrinin inkişafına, tələbələrin analitik, tənqidi və yaradıcı düşünmə bacarıqlarının gücləndirilməsinə xidmət edir.

Layihənin əsas strateji hədəfi süni intellektin imkanlarından istifadə etməklə tələbələrin öyrənmə, düşünmə, təhlil və yaradıcı fəaliyyət proseslərini dəstəkləyən yeni nəsil hesablama təhsili modelinin formalaşdırılmasıdır.

AzTU-nun rektoru Vilayət Vəliyev aparılan araşdırmaların müasir dövr üçün son dərəcə aktual olduğunu vurğulayıb. O, “Blum taksonomiyası” prinsiplərinin süni intellekt texnologiyaları ilə birləşdirilməsinin müasir tədris modelinin formalaşdırılması üçün geniş imkanlar açdığını diqqətə çatdırıb.

Rektor qeyd edib ki, daxili qrant layihələri çərçivəsində təklif olunan həllər universitetin yeni təhsil modelinə transformasiyasının mühüm göstəricisidir.