Britaniya polisi ABŞ ordusunun 41 yaşlı hərbçisini Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilərək saxlayıb.

“Unikal” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, amerikalı hərbçi İngiltərənin qərbində, Qloster şəhəri yaxınlığında saxlanılıb. Hazırda o, Londonun polis bölmələrindən birində nəzarət altındadır.

Bildirilib ki, saxlanılan şəxs məxfi məlumatları əldə etməkdə və ya yaymaqda, eləcə də xarici kəşfiyyat xidmətinə yardım göstərməkdə şübhəli bilinir. İttihamların aid olduğu ölkənin Rusiya olduğu qeyd edilib.

Qeyd edək ki, oktyabr ayında Almaniya Federal Prokurorluğu Ukrayna vətəndaşının hərbi məlumatlar toplamaq şübhəsi ilə həbs edildiyini açıqlamışdı. İstintaqın versiyasına görə, həmin şəxs 2025-ci ilin iyul ayından etibarən vasitəçi üzərindən Rusiya kəşfiyyatı ilə əlaqə saxlayıb. Onun NATO-nun şərq cinahındakı hərbi obyektlər və şəxsi heyət barədə məlumat topladığı iddia olunur.