Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Günü Azərbaycan xalqının vahid ideologiya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdiyini nümayiş etdirən ən ali bayramlardan biridir. Bayraq keçmişimizlə gələcəyimiz arasında mənəvi körpü olmaqla yanaşı, hər bir vətəndaşın dövlətə olan sadiqliyinin və vətənpərvərlik hissinin ali təzahürüdür. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb, 1920-ci ilin aprel ayınadək dövlət bayrağı statusuna malik olub. Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə "Unikal"a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Bayrağımızın ikinci dəfə rəsmi dövlət statusu alması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu bayraq muxtar respublikanın dövlət bayrağı olaraq qəbul edilmişdir. Bu addım müstəqilliyə doğru gedən yolda hüquqi və siyasi dönüş nöqtəsi olmuşdur. Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, 90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.
Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi olaraq qəbul edilməsi tezliklə bütün Azərbaycanda milli azadlıq hərəkatına böyük təkan verdi. Naxçıvan Ali Məclisi həmin sessiyada həmçinin Azərbaycan SSR Ali Sovetinə müraciət edərək, bu Bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi olaraq qəbul edilməsini təklif etdi. Bu təşəbbüsdən bir neçə ay sonra, 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli Bayrağımıza rəsmi dövlət statusu verdi.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağımız ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi. Konstitusiyamızın 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun da qəbul edilib. 2004-cü il 8 iyun tarixli Qanun bu sahədə qanunvericilik bazasını təkmilləşdirmişdir. Həmin sənədə əsasən Dövlət Bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilib. Atılan hər bir addım Bayrağımızın milli fəxr, dövlət müstəqilliyi və vahidlik ideyalarının təzahürü kimi xalqımızın tarixində böyük əhəmiyyətə malik olduğunu nümayiş etdirir. Bayrağımız milli qürurumuz, kimliyimizdir.
Milli Məclisin deputatı bildirib ki, uzun illər Dövlət Bayrağı Günü bir mübarizə rəmzi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü sayəsində 2020-ci il Vətən müharibəsində şanlı Zəfərimiz bu fəlsəfəni tamamilə dəyişdi. Altı il bundan öncə üçrəngli Bayrağımız torpaqlarımızın işğaldan azad edilməsinə, öz tarixi sahibinə qovuşmasına şahidlik etdi. Qalibiyyət rəmzimiz olan Bayrağımız azad edilmiş bütün torpaqlarımızda ucaldıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu torpaqlara ilk səfəri tarixi günün - Azərbaycan Bayrağının ucaldılması ilə yadda qaldı. Hər bir bayram, əlamətdar gün daim dünənə bir baxış keçirməyi zərurət kimi qarşıya qoyur. Belə ki, Prezident İlham Əliyev 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” çağırışını etmişdir. Çünki həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanında nümayiş etdirilmişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin çağırışı 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan, şanlı Qələbəmizin əbədiləşdirilməsinə xidmət edən 2020-ci ilin 10 dekabr tarixində keçirilən Zəfər paradında öz təqsiqini tapdı. 44 günün hər gününü tariximizə Zəfər səhifəsi kimi yazan rəşadətli ordumuzun azad edilmiş ərazilərimizdə qalibiyyətimizin nümayişi olaraq qaldırdığı Azərbaycan Bayrağı Zəfər paradında Azadlıq meydanında nümayiş etdirildi. O zaman Müzəffər Ali Baş Komandan böyük qürurla bildirdi ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.
Bu gün Şuşada, Xankəndidə, Xocalıda, azad edilmiş bütün ərazilərimizdə dalğalanan üçrəngli Bayrağımız artıq sadəcə müstəqilliyin deyil, həm də mütləq Zəfərin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının simvoludur. Bu gün Dövlət Bayrağımız beynəlxalq tribunalarda, diplomatik nümayəndəliklərdə, idman arenalarında qalib, suveren ölkənin fəxr mənbəyi kimi ucalır.
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev 17 noyabr 2007-ci il tarixdə “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” Sərəncam imzaladı. Bu Sərəncam Dövlət Bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. Meydanın açılışı 2010-cu ilin sentyabrın 1-də keçirildi. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmış və 2010-cu il noyabrın 9-da onun açılışı olmuşdur. Muzey fəaliyyəti dövründə Azərbaycanın Dövlət Bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları əyani nümayiş etdirilib və gələn qonaqlara ətraflı məlumatlar verilib. Bundan başqa, muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib. Meydan 2024-cü ilin noyabrın 8-də yenidən açılmış və Prezident İlham Əliyev Azərbaycan bayrağını qaldırmışdır. Təmir-bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur. Qalereyada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir. Bundan əlavə, Dövlət Bayrağı Muzeyindəki monitorlarda ölkəmizin qədim və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Prezident İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi Qələbəyə həsr edilən videolar nümayiş olunur.
Millət vəkili ümumiləşdirilmiş şəkildə bildirib ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ümummilli Lider Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir.


































.jpg)
.jpg)


.jpg)




.jpg)










