Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 27-də Masallı, Ağstafa və Samux Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.

"Unikal" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Masallıda 35 kV-luq "Əminli" hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək Ərəb, Hacıtəpə, Həsənli, Xırmandalı kəndləri və şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Ağstafada 110/35/10 kV-luq "Poylu" yarımstansiyasında yerinə yetiriləcək təmir işləri zamanı rayonun Ceyrançöl, Poylu qəsəbələri, eləcə də Kolxəlfəli, Qıraq Kəsəmən və Pirli kəndlərinin bəzi ərazilərində saat 12:00-dan 16:00-dək enerjinin verilişində müvəqqəti fasilə yaranacaq.

Samuxda 10 kV-luq "Gülçülük" və 6 kV-luq "Nasos" hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 12:00-dək Natəvən qəsəbəsi, Zazalı və Ziyadlı kəndlərini əhatə edəcək.

İşlər yekunlaşdıqdan sonra ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.