Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 oktyabr 2026-cı il tarixdə, Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqindən irəli gələn prioritet vəzifələrin müzakirəsinə həsr olunmuş geniş tərkibli müşavirə keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-in məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və kollektivləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları, müqəddəs şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları, ziyalılar, Vətən müharibəsi iştirakçıları, Veteranlar, Qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müşavirəyə başlamazdan əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müşavirəni giriş nitqi ilə açan Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov ətraflı və məzmunlu məruzə ilə çıxış edib. 

Rayon rəhbəri dövlətimizin başçısının Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn mühüm və strateji vəzifələrdən bəhs edərək vurğulayıb ki, Prezident cənab İlham Əliyevin Qurultaydakı proqram xarakterli çıxışı Azərbaycanın yeni inkişaf mərhələsinin konseptual istiqamətlərini aydın şəkildə müəyyən edib.

Qeyd olunub ki, qarşıdakı dövrdə hər birimizin üzərinə düşən əsas vəzifə əldə olunmuş möhtəşəm nəticələri və tarixi nailiyyətləri göz bəbəyi kimi qorumaq, ölkəmizin dinamik sosial-iqtisadi inkişafını davam etdirmək, dövlət müstəqilliyimizi daha da möhkəmləndirmək və cəmiyyətimizi, xüsusən də gənc nəslimizi müxtəlif ideoloji təhlükələrdən etibarlı şəkildə muhafizə etməkdir. Rayon rəhbəri, həmçinin respublikamızda və birbaşa Qubadlı rayonunda sosial-iqtisadi sahədə qazanılmış uğurlardan, uğurla həyata keçirilən abadlıq-quruculuq layihələrindən, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunması istiqamətində görülməli işlərdən danışıb. O, ideoloji təbliğat işinin müasir tələblərə uyğun düzgün qurulmasının vacibliyini diqqətə çatdıraraq, bu sahədə ayrı-ayrı dövlət və ictimai qurumların üzərinə düşən məsuliyyətli vəzifələri geniş təhlil edib.

Məruzədə xüsusi olaraq qeyd edilib ki, Azərbaycan 1990-cı illərin əvvəllərindəki ağır sosial-iqtisadi böhrandan, kütləvi məcburi köçkünlük problemlərindən, müharibənin gətirdiyi məhrumiyyətlərdən və siyasi qeyri-sabitlik şəraitindən keçərək, bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə geniş iqtisadi imkanlara, yenilməz və güclü orduya, eləcə də qlobal miqyasda yüksək beynəlxalq nüfuza malik qüdrətli dövlətə çevrilib. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi Azərbaycanın müasir dövlətçilik tarixinin ən parlaq və zəfər dolu səhifəsidir.

Rayon icra hakimiyyətinin başçısı həmçinin xəbərdarlıq edib ki, günümüzdə bəzi xarici bədxah mərkəzlər media və müxtəlif sosial media platformaları vasitəsilə ziyanlı, yalan və təxribat xarakterli ideoloji təbliğat aparır, vətəndaşlarımızı, xüsusən də gənc nəslin və uşaqların şüurunu təsir altına almağa cəhd göstərirlər. Bu cür ideoloji təhdidlər qarşısında hər bir vətəndaşımız, ziyalılarımız və ictimaiyyət nümayəndələri milli maraqlarımızın müdafiəsində ayıq-sayıq olmalı, prinsipial mövqe nümayiş etdirməli və heç bir halda biganə qalmamaqla öz kəsərli sözünü deməlidir.

Məruzə ətrafında aparılan geniş müzakirələrdə çıxış edənlər – Böyük Vətən və Əmək Veteranları Qubadlı rayon təşkilatının sədri Razim Əliyev, "Qarabağ" ordenli, 44 günlük Vətən müharibəsi qazisi, polkovnik Etiram Məmmədov, B.Mehtiyev adına Qubadlı şəhər 2 saylı tam orta məktəbin direktoru Rəhminə Mehtiyeva, Qubadlı RİH başçısının Y.Mollu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, şəhid ailəsi Azər Məmmədov, rayon sakini, ağsaqqal Hümbət Hümbətəliyev və 44 günlük Vətən müharibəsi iştirakçısı Mais Kazımov YAP-ın VIII Qurultayının tarixi əhəmiyyətini, qəbul olunan qərarların gələcək inkişafımıza verəcəyi töhfələri xüsusi vurğulayıblar. Çıxış edənlər cənab Prezidentin dərin məzmunlu nitqində irəli sürülən mühüm vəzifələr, milli həmrəyliyin gücləndirilməsi, ideoloji təhlükəsizlik və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı öz dəyərli fikir, təklif və mülahizələrini bölüşüblər.

Müşavirə iştirakçıları yekdil birlik nümayiş etdirərək, işğaldan azad edilmiş torpaqlarımızda yürütüdüyü böyük quruculuq və bərpa işlərinə, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək xalqımıza böyük Qələbə sevinci bəxş etdiyinə, eləcə də Qubadlı rayonunun yenidən dirçəldilməsinə göstərdiyi sonsuz diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını və dərin təşəkkürlərini ünvanlayıblar. Qeyd olunub ki, dövlətimizin başçısının müəyyən etdiyi müdrik daxili və xarici siyasət xətti bundan sonra da hər bir azərbaycanlı üçün ən etibarlı bələdçi və fəaliyyət proqramı olacaqdır.

 Müzakirələrdən sonra Qubadlı rayon İcra Hakimiyyəti aparatında Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Sənan Həsənov tərəfindən müşavirənin Qərar hissəsi diqqətə çatdırılıb və oxunub.

Müşavirənin sonunda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov yekun nitq söyləyərək tədbirə yekun vurub və qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi üçün müvafiq tapşırıqlarını verib.