"Bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı öz işinə başlayacaq".

"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycanın 2024-cü ildən etibarən sədrlik etdiyi və 28 dövlətin təmsil olunduğu bu platformaya 10 ölkə müşahidəçi statusu ilə qoşulub:

"Platforma Asiyada əməkdaşlığa töhfə versə də söhbət sadəcə Asiya ilə məhdudlaşan tərəfdaşlıqdan getmir. Sözügedən platforma daha geniş coğrafiyanı əhatə edir. ABŞ, Ukrayna, Belarus kimi Asiya qitəsində yerləşməyən dövlətlər də paltformada müşahidəçi statusu ilə təmsil olunurlar. İqtisadi gücünə görə dünyanın dörd ən böyük ölkəsindən üçü bu platformada təmsil olunur. Söhbət bir üzv, iki müşahidəçi statusu ilə təmsil  olunan dövlətlərdən gedir. Platformaya üzv olan dövlətlər qlobal ümumi daxili məhsulun 40 faizini formalaşdırırlar. Deməli, söhbət 47 trilyon dollardan çox iqtisadiyyatı olan dövlət rəsmilərinin Azərbaycan paytaxtında toplaşmasından gedir. Bununla  yanaşı, ABŞ və Yaponiya kimi qlobal güclər də AQEM-də müşahidəçi statusu ilə təmsil olunurlar. Bu baxımdan, bütövlükdə daha böyük iqtisadi gücdən söhbət gedir".

Deputat qeyd edib ki, Azərbaycanın AQEM-ə üzv olan dövlətlər ilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsi daha da prioritetləşməkdədir: "Prezident İlham Əliyev ilə  Kambocanın Baş nazirinin və eləcə də Laosun Prezidentinin mətbuata bəyanatlarında da mövcud imkanların, iqtisadi və investisiya prioritetlərimizin daha yaxından tanıdılması, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməsi əsas tərəfdaşlıq istiqamətləri sırasındadır. Azərbaycan bölgədə sülh və stabilliyin əldə edilməsində və qorunub saxlanmasında maraqlı ölkədir. Böyük coğrafiyada yerləşən dövlətlər ilə əlaqələrin son illər daha da gücləndirən Azərbaycan bir sıra region ölkələri ilə birgə layihələri də reallaşdırır. Yeni qlobal və regional düzən fonunda Azərbaycanın geosiyasi mövqeyi daha da güclənməkdədir. Bu Zirvə toplantısının Bakıda təşkili Azərbaycanın gücünü və bölgədəki nüfuzunu bir daha təsdiq edir".