Qazaxda Azərbaycan Polisi Günü qeyd edilib.
"Unikal" xəbər verir ki, 2 iyul – polis işçilərinin peşə bayramı ilə əlaqədar Qazax Rayon Polis Şöbəsinin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, təqaüddə olan veteran polislər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.
Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə bütün şəxsi heyəti, veteran polis əməkdaşlarını, torpaqlarımızın müdafiəsi uğrunda Şəhidlik zirvəsinə ucalmış və xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının ailə üzvlərini ürəkdən təbrik edib, möhkəm cansağlığı, xoşbəxtlik, səadət, çətin, lakin çox şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıb. Polis rəisi Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanladığı təbrik məktubunu oxuyub, Qazax polisinin ünvanına səslənən xoş sözləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Polis rəisi çıxışı zamanı müasir müstəqil Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin bütün dövlət strukturlarının yaranmasında, formalaşmasında, təkmilləşdirilməsində, həmçinin, Azərbaycan Polisinin bugünkü səviyyədə olmasında misilsiz xidmətləri olduğunu qeyd edib. Ümummilli Liderin Azərbaycan Polisinə xüsusi diqqət ayıraraq onların ünvanına hər zaman yüksək fikirlər səsləndirdiyini, polis əməkdaşlarının əməyini yüksək qiymətləndirdiyini söyləyib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək polis əməkdaşlarını salamlayıb, səmimi ürək sözlərini çatdıraraq 108 illik tarixi bir yol qət edən Azərbaycan Polisi əməkdaşlarının peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla, bütün polis işçilərini təbrik edib. Azərbaycan Polisinin ölkəmizdə ictimai sabitliyin təmin olunmasındakı rolundan danışan icra başçısı bildirib ki, daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi, intizamın artması, mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin tarixi təcrübəsi olan Azərbaycan Polisi öz peşə bayramını da məhz Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildən qeyd edir. Azərbaycan Polisinə verilən bu önəmin səbəbi isə ondan qaynaqlanır ki, Ulu Öndər ictimai sabitliyin qorunub saxlanmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirib. Rayon rəhbəri qeyd edib ki, bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir. 44 günlük Vətən müharibəsində istər ictimai asayişin qorunmasında, istər vətəndaşların təhlükəsizliyinin təmin edilməsində polis əməkdaşlarının gördükləri işlər minnətdarlıqla qarşılanmalıdır. Rayon rəhbəri bildirib ki, Ulu Öndərin hüquq-mühafizə orqanları ilə bağlı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısının polis əməkdaşlarının əməyini yüksək qiymətləndirərək hər zaman orden və medallarla, xüsusi rütbələrlə mükafatlandırması onlara olan qayğının əyani göstəricisidir. Qazax Rayon Polis Şöbəsinin fəaliyyətini, xidmətini yüksək qiymətləndirən icra başçısı onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Rayon rəhbəri sonda bir daha bütün polis əməkdaşlarının, eləcə də Qazax polislərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumuruğu ətrafında sıx birləşərək Vətənə və xalqa şərəflə, ləyaqətlə xidmət göstərdiklərini qeyd edib. Çətin, çətin olduğu qədər də şərəfli olan işlərində, peşələrində onlara uğurlar arzulayıb.
Tədbir iştirak edən hüquq-mühafizə orqanlarınn rəhbərləri, təqaüddə olan veteran polislərdən Cavanşir Mustafayev, Qayıb Civişov çıxış edərək əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını təbrik edib, polisin şanlı tarixinin ən mühüm mərhələlərinin, dövlətə sədaqətli xidmət ənənəsinin başlanğıcının Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu, Azərbaycan Polisinin ölkədə təhlükəsizliyin, sabitliyin, asayişin təminatçısı olduğunu bildiriblər. 108 illik tarixə malik Azərbaycan Polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini qeyd ediblər.
Daha sonra Azərbaycan Respublikası Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə Qazax RPŞ-nin əməkdaşları xidmətdə əldə etdikləri yüksək nəticələrə, xidməti vəzifələrini nümunəvi və layiqincə yerinə yetirdiklərinə, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə işində fərqləndiklərinə görə bir qrup polis əməkdaşı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.
Tədbirdə həmçinin, veteran polis işçiləri də hədiyyələrlə mükafatlandırılıblar.
Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov sonda bir daha bütün polis əməkdaşlarına səmimi arzularını çatdırıb, təbrikə gələn rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını bildirib.











.jpg)


.jpg)






.jpg)



























