Oman sahilləri yaxınlığında naməlum mərminin düşməsi nəticəsində yük gəmisinin sağ tərəfi zədələnib.

"Unikal" xəbər verir ki, bunu Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi bildirib.

Qeyd olunub ki, hadisə Oman sahillərindən şərqdə, 7.5 dəniz mili məsafədə baş verib.

Ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu bildırilib. Hər hansı ekoloji fəsad barədə məlumat verilməyib. Qurumun məlumatına görə, hadisə ilə bağlı araşdırmalar aparılır. Eyni zamanda, gəmilərin keçid zamanı ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermələri xahiş olunur.

Qeyd olunur ki, hadisə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən bu gün gəmilərə Hörmüz boğazı vasitəsilə keçid zamanı Tehranın müəyyən etdiyi marşrutlara əməl etmələri ilə bağlı xəbərdarlıq etdiyi bir vaxta təsadüf edib. Qurum İranla razılaşdırılmadan elan olunmuş yeni naviqasiya marşrutlarını rədd edərək onları “qəbuledilməz və təhlükəli” adlandırıb.

Xatırladaq ki, Oman Sultanlığı Hörmüz boğazından keçmək istəyən bütün gəmilər üçün müvəqqəti dəniz dəhlizindən rüsumsuz istifadə imkanının yaradıldığını elan edib. Oman hakimiyyəti bildirib ki, dəniz dəhlizi Beynəlxalq Dəniz Təşkilatı ilə koordinasiya şəraitində hazırlanıb. Dəhlizin marşrutu təşkilatın və Omanın aidiyyəti qurumlarının açıqladığı koordinatlar əsasında müəyyənləşdirilib.