Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ərəfəsində media nümayəndələri üçün heyvan kəsimi məntəqəsinə infotur təşkil edib. İnfoturun məqsədi bayram günlərində artan tələbat fonunda heyvan kəsimi və satışının qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsinin vacibliyini ictimaiyyətin diqqətinə çatdırmaq olub.

"Unikal" xəbər verir ki, “Azmeat” müəssisəsində keçirilən infotur zamanı jurnalistlərə heyvan kəsimi prosesi əyani şəkildə nümayiş etdirilib. Bildirilib ki, heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunması həm müəssisədə çalışan işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunub ki, işçi heyəti xüsusi təmiz geyimlə təmin edilməli, istifadə olunan alətlər mütəmadi olaraq dezinfeksiya olunmalı, tullantılar isə sanitariya-gigiyena tələblərinə uyğun şəkildə toplanaraq vaxtında ərazidən uzaqlaşdırılmalıdır.

İnfotur çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mobil Laboratoriyasına da baxış keçirilib. Vurğulanıb ki, bu laboratoriyalar çadır tipli kəsim məntəqələrində fəaliyyət göstərəcək. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.