Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Sabunçu rayonunda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri və rayonun fəal gəncləri iştirak ediblər.

"Unikal" xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov bildirib ki, milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət, milli incəsənət, musiqi, muğam, folklor, ədəbiyyat, özünüdərk, ailə və dahi şəxsiyyətlər xalqımızın milli dəyərlər sisteminin əsasını təşkil edir. O qeyd edib ki, böyüyə hörmət, valideynə sevgi və ehtiram, kiçiklərə qayğı xalqımızın əsrlərdən bəri formalaşmış mənəvi keyfiyyətlərindəndir.

Ədalət Teymurov çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən bəhs edib, həmçinin qloballaşma şəraitində milli dəyərlərimizə, adət-ənənələrimizə və milli mentalitetimizə qarşı aparılan mənfi təsirlərə qarşı birgə mübarizənin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri Anar Kazımov, həmin qurumun aparıcı məsləhətçisi Rəşadət Hidayətov, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Bakıxanov qəsəbəsində yerləşən “Cümə” məscidinin imamı, “İmam Rza” Dini İcmasının sədri Əmirxan Tahrov və digər natiqlər milli-mənəvi və adət-ənənəvi dəyərlərimizin cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, gənc nəslin milli kimliyinə, tarixinə və mənəvi irsinə bağlı ruhda yetişdirilməsi gələcəyimiz üçün xüsusi önəm kəsb edir.