Mayın 13-də Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və işçi qrupun üzvü, Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimovla Türk Dünyası Parlamentariler vakfının başkanı Abdullah Çalışkan və Yeni Dünya Vakfı Genel Başkanı Mahmut Göksu arasında görüş keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafında ölkə başçılarının xüsusi rolunu vurğulayıb. O bildirib ki, bu gün ölkələrimiz arasındakı siyasi sahədəki sıx əməkdaşlıq iqtisadi, mədəni, elmi-texniki, səhiyyə və humanitar sahələrdə də əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərməkdədir. Akademik Əhliman Əmiraslanov bildirib ki, iki dost və qardaş ölkə - Türkiyə ilə Azərbaycanın arasında olan yaxın münasibətlərin dünya miqyasında analoqu yoxdur. Deputat ölkələrimizin parlament rəhbərləri səviyyəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyib. O da xüsusi olaraq bildirilib ki, deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq platformalarda bir-birlərini dəstəkləyir və demək olar ki, eyni mövqedən çıxış edirlər.
Söhbətdə, ikitərəfli münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin fonunda parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, qanunverici orqanların profil komitələri arasında yaranmış sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Səmimi qəbula görə təşəkkürünü bildirən Abdullah Çalışkan və Mahmut Göksu qeyd ediblər ki, ölkələrimiz arasında əlaqələr ölkə prezidentlərinin iradəsinə uyğun şəkildə yüksələn xətt üzrə inkişaf edir. Siyasi, iqtisadi, mədəni, təhsil və səhiyyə sahəsində əməkdaşlığın dərinləşdirilməsi hər iki xalqın mənafeyinə uyğundur. Yeni yaradılan Türk dünyası parlamenterler vakfı bu istiqmətdə işlərini davam etdirəcəklər.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi qrupun üzvü, Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov çıxış edərək iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələri barədə fikirlərini bölüşüb.
Söhbətdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
























.jpeg)




























