Fevralın 17-də doğma yurduna yola salınan köç karvanları Xocavənd şəhərinin Qırmızı Bazar və Hadrut qəsəbələrinə çatıb.

"Unikal" xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə köçürülən 91 nəfərdən ibarət 20 ailəyə, Hadrut qəsəbəsinə isə 47 nəfərdən ibarət 10 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***12:46

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

"Unikal" xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 30 ailə -149 nəfər, Xocavəndin Hadrut qəsəbəsinə 10 ailə - 47 nəfər, Qırmızı Bazar qəsəbəsinə 20 ailə - 91 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.