Goranboy rayonunun 2026-cı il üçün "Gənclər Paytaxtı" seçilməsi münasibətilə ilə Goranboy Rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.
"Unikal" xəbər verir ki, Goranboy rayonunda təşkil olunan tədbirlərdə, Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gənclər və İdman Naziri Fərid Qayıbov, Naxçıvan Gənclər və İdman Naziri Səlahiyyətlərini icra edən Mirməcid Seyidov, Sumqayıt şəhər İcra Hakimiyyəti başısının birinci müavini Teymur Səmədov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, YAP Gənclər Birliyinin nümayəndəsi Emil Aslanlı, rayonunun digər rəhbər şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, respublikamızın və rayonunun çoxsaylı gəncləri iştirak ediblər.
Tədbir iştirakçıları öncə, Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət etdilər, Goranboy şəhəri 1 nömrəli tam orta məktəbində keçirilən açılış mərasimində, öncə Ümummilli Liderimiz Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gənclər və İdman naziri Fərid Qayıbov, 2025-ci ilin “Gənclər Paytaxtı” olmuş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və Milli Məclisin deputatı Müşfiq Cəfərov ölkəmizdə uğurla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətindən söhbət açıblar. Nazir Fərid Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovdan alaraq, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə təqdim edib.
Daha sonra istedadlı və yaradıcı gənclər mükafatlandırılıb. Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş olunub, Goranboyun “Gənclər Paytaxtı” loqosu və maskotu ictimaiyyətə təqdim edilib. Goranboy şəhəri Heydər Əliyev parkında təşkil olunan GəncFest və konsert tədbirində gənclər düşərgələrinə baxış keçirilib, gənclər hərbi-vətənpərvərlik, yaradıcılıq, stolüstü oyunlar, intellektual yarışlar, interaktiv təlimlər və əyləncə zonalarında müxtəlif fəaliyyətlərdə iştirak ediblər. Tanınmış müğənnilər, estrada ulduzları Sevda Yahyayeva və Elçin Cəfərovun ifasında konsert proqramı, DJ performansı və sonda atəşfəşanlıq nümayiş etdirilib.
