2025-ci ilin IV rübü üzrə maliyyə nəticələrini açıqlayan "Rabitəbank" ilin yekunlarını müsbət göstəricilərlə başa vurub.
"Unikal" xəbər verir ki, hesabat dövrünün nəticələrinə əsasən, bank 2025-ci ili 11 milyon 331 min manat xalis mənfəətlə tamamlayıb. Bu göstərici bankın əməliyyat fəaliyyətinin səmərəliliyinin və maliyyə dayanıqlığının qorunub saxlanıldığını göstərir.
Bankın aktivləri də əhəmiyyətli artım nümayiş etdirib. Belə ki, ümumi aktivlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.5% artaraq 1 milyard 402 milyon 300 min manata çatıb. Aktivlərin artımı əsasən kredit portfelinin genişlənməsi və bankın maliyyə resurslarının effektiv idarə olunmasının müsbət nəticəsidir.
KREDİT PORTFELİNDƏ MÜSBƏT DİNAMİKA
Hesabat dövründə "Rabitəbank"ın kredit portfeli artım tempini qoruyub saxlayaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artıb. Nəticədə bankın ümumi kredit portfelinin həcmi 941 milyon 289 min manata yüksəlib. Kredit portfelində müşahidə olunan artım bankın real sektora və əhaliyə yönəlmiş maliyyələşdirmə fəaliyyətinin genişlənməsini əks etdirir.
Kredit portfelinin strukturunda əsas pay biznes kreditlərinin üzərinə düşür. Belə ki, biznes kreditləri portfeli hesabat dövründə 4.8% artaraq 418 milyon 264 min manata çatıb. Bununla yanaşı, pərakəndə kreditləşmə üzrə də müsbət dinamika qeydə alınıb. İstehlak kreditləri portfeli 15.2% artaraq 337 milyon 899 min manat təşkil edib, ipoteka kreditləri isə 19% artım nümayiş etdirərək 185 milyon 127 min manata yüksəlib.
Ümumilikdə kredit portfelindəki artıma daha çox biznes və istehlak kreditləri təsir göstərsə də, ümumi göstəricinin əsas hissəsi biznes kreditlərinin payına düşüb.
BANKDA FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRİN ƏMANƏTLƏRİ ARTIB
Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, 2025-ci il ərzində "Rabitəbank"da əmanətlər 29.7% artaraq 878 milyon 300 min manat olub.
Fiziki şəxslər üzrə əmanətlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 36.7% artaraq 631 milyon 547 min manata, hüquqi şəxslər üzrə əmanətlər isə 14.6% artaraq 246 milyon 754 min manata çatıb.
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 20.4% artaraq 137 milyon 586 min manata çatıb.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
