"Bununla paralel olaraq yenidən silahlanma, yeni silahlı dəstələrin yaradılması prosesi gedirdi, mən bu barədə paradda çıxışımda qısaca danışmışam. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi nümayiş etdirilməməlidir, amma zamanı gələcək. İstənilən halda biz potensialımızı xeyli gücləndirmişik. Əgər Azərbaycan Ordusunu bu gün və Vətən müharibəsində qalib gəldiyimiz həmin vaxtın silahları və döyüş qabiliyyəti ilə müqayisə etsək, hazırda biz bir neçə dəfə güclüyük. Zənnimcə, bu, vəziyyəti qiymətləndirmək üçün kifayətdir. Neçə dəfə olduğunu deməyəcəyəm, amma bir neçə dəfə. Əlbəttə ki, bu, bizə öz gücümüzə inanmağa əsas verir".
"Unikal" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Axı, bu müddət ərzində regionumuzda Azərbaycanın iştirakı ilə bir çox həyəcanlı proseslər də baş verib, diplomatik olaraq qeyd edim ki, onlar Ermənistanla bağlı deyil və biz bütün bu ağır sınaqlardan layiqincə, öz vicdanımızla, ilk növbədə, ləyaqətimizlə kompromisə getmədən çıxdıq. Hamıya, kimə lazımdırsa sübut etdik ki, bizə hörmətlə yanaşmaq lazımdır və biz kobudluğa, həyasızlığa və diktə cəhdlərinə dözməyəcəyik. Bunun üçün döyüş qabiliyyəti olan orduya malik olmaq lazımdır. Mən Yeni il müraciətimdə bildirdim ki, biz müharibəyə hazırlaşmırıq və bu, həqiqətən də belədir. Hesab edirəm və ümidvaram ki, müharibələr arxada qalıb, amma heç kim zəmanət verə bilməz. Axı, biz dünyada hadisələrin necə dəyişdiyini görürük", - deyə dövlət başçısı bildirib. .
