"Bilirsiniz, bizim hamımız üçün torpaq anlayışı, ilk növbədə, itirilmiş torpaqlarla bağlı idi. Çünki bu haqda sual işğal dövründə veriləndə hər birimiz itirilmiş torpaqlar haqqında düşünürdük və əminəm ki, cəmiyyətimizin əksəriyyəti inanırdı ki, biz bu torpaqlara qayıdacağıq".

"Unikal" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Düzdür, illər keçdikcə bu inam da tükənirdi və mən bunu hiss edirdim. 2020-ci ilə qədər keçmiş köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında mən hər zaman deyirdim ki, biz o torpaqlara qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Amma bəziləri görürdüm ki, gözlərindən hiss olunurdu, buna inanmırlar və onları da qınamaq olmaz. Çünki 30 il ərzində torpaqları itirilmiş insanlar hansı hisslər keçirə bilər? Bu, başadüşüləndir. Ancaq mən daxilən hər zaman inanırdım ki, biz buna nail olacağıq. Birinci mərhələdə inanırdım ki, - bəlkə də bir az sadəlövh idim, - bunu sülh yolu ilə həll etmək mümkün olacaq. Xarici tərəfdaşları inandırmağa çalışırdım. Hesab edirdim ki, onlar bu işin mahiyyətinə o qədər də varmırlar, bilmirlər ki, biz haqlıyıq, Ermənistan nahaq iş görüb. Amma sonra illər keçdikcə gördüm ki, yox, hər şeyi yaxşı bilirlər. Sadəcə olaraq, onların böyük əksəriyyəti hesab edirdilər ki, belə də olmalıdır: bu torpaqlar ermənilərə çatmalıdır. Yəni bu, onların dünyagörüşü idi. Bunlar bilmirəm haradan gələn, hansı qaynaqlardan gələn bir fikir idi və xüsusilə bu, Qərb həmkarlarıma aid olan məsələdir. Onlar hesab edirdilər ki, belə də olmalıdır. Qeyd etdiyim kimi, bəziləri deyirdilər ki, siz gərək reallıqlarla barışasınız. İllər keçdikcə hərbi variantın labüd olması ilə bağlı da məndə heç bir şübhə qalmamışdı. Sadəcə olaraq, hazırlıq işləri lazımi səviyyədə görülməli idi", - deyə dövlət başçısı bildirib.