25 dekabr 2024-cü il tarixində Azərbaycan Hava Yollarının (AZAL) Bakı – Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 nömrəli sərnişin reysinin icrası zamanı baş vermiş faciənin ildönümü ilə əlaqədar dövlət qurumlarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə "Unikal"a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Anım tədbiri çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZCON Holding-in icraçı direktoru Şahin Babayev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev, eləcə də dövlət qurumlarının nümayəndələri həlak olmuş ekipaj heyətinin ailə üzvləri ilə birlikdə Bakı şəhərində yerləşən II Fəxri xiyabanı ziyarət ediblər. Mərasim iştirakçıları məzarlara gül dəstələri qoyub, dünyasını dəyişənlərin xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportunda da hadisə qurbanlarının xatirəsinə birdəqiqəlik sükut elan olunub.

Daha əvvəl, dekabrın 20-də anım tədbirləri çərçivəsində AZAL-ın rəhbərliyi və həlak olmuş ekipaj üzvlərinin yaxınları Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş vermiş qəza yerini də ziyarət ediblər. Bu səfər hadisə qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi və əbədiləşdirilməsi istiqamətində atılan növbəti addım olub.

 Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib. 

Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə – Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Sağ qalan ekipaj üzvləri – Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.

***09:42

Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında kənar təsirlər nəticəsində qəzaya uğramasının birinci ildönümü münasibətilə İkinci Fəxri xiyabanda məzarlar ziyarət edilib.

"Unikal" xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZAL prezidenti Samir Rzayev, AZAL əməkdaşları və həlak olanların ailə üzvləri Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun xatirəsini yad ediblər.

Müxbir: Anar Kəlbiyev

Fotolar: Turqut Sultan