"Azərbaycan özü Aİ-95 markalı benzinin bir hissəsini daxili tələbatı ödəmək üçün xaricdən idxal etdiyi halda, Ermənistana 22 vaqon Aİ-95 benzini göndərir. Amma bu klassik iqtisadi proses deyil, sülh gündəliyini möhkəmləndirən düşünülmüş siyasi addımdır və doğru addımdır".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, miqyas baxımından söhbət böyük məbləğdən getmir:

"Bir vaqon təxminən 55-60 ton benzin deməkdir. Pula çevrildikdə 22 vaqon bir neçə milyon dollar edir. Bu, Azərbaycan iqtisadiyyatı üçün böyük pul deyil. Həm də bu hədiyyə deyil, satılır və pulu alınır. Əsas məsələ Ermənistanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun əsasının qoyulmasıdır və bu rolun zamanla artacağıdır. Bu isə sülhü praktik olaraq möhkəmləndirən amildir. Bu cür addımlar sərhəddə sülhün davamlı olmasına, sülh müqaviləsinin imzalanmasına xidmət edir".