"Ötən ayın sonu məlum oldu ki, Prezident Milli Məclisin rəqəmsal güzəştlərlə bağlı qəbul etdiyi qanunu imzalamadan imtina edib və geri qaytarıb. Söhbət rəqəmsal texnologiyalar sahəsində şirkətlərə geniş vergi və digər güzəştlərin verilməsini nəzərdə tutan, iyulun 14-də qəbul edilmiş qanundan gedir".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti, İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, diqqət çəkən məqam odur ki, bir neçə gün öncə Prezidentin köməkçisi Şahmar Mövsümovun şəxsən parlamentdə iştirak edərək qanunun geri qaytarılmasını izah edib.
"Prezidentin artıq qəbul edilmiş qanuna etirazından sonra onun köməkçisinin şəxsən parlamentə gələrək yeni redaksiyanı müdafiə etməsi spesifik hadisədir. 30 illik təcrübəmdə belə halla rastlaşmamışam. Əgər Şahmar müəllimin bu addımları və açıqlamaları olmasaydı, ictimaiyyət geri qaytarılmanın səbəbləri haqqında məlumatlı olmayacaqdı. Gözlənilən idimi Mənim üçün müəyyən mənada, bəli. Çünki bu haqda 2023-24-cü illərdə və ondan sonra çox yazmışdım. Uzun müddətdir ki, İT sektorunda, xüsusilə iri şirkətlərə geniş vergi güzəştlərinin verilməsi, bu güzəştlərin hansı nəticələr yaratması və texnopark rezidentliyinin verilməsi mexanizmi ilə bağlı tənqidi fikirlərimi bildirirəm. Geriyə qaytarılan variantda rəqəmsal texnologiyalar sahəsində İT şirkətlərə 20 illik vergi güzəştləri nəzərdə tutulurdu. Yenilənmiş variantda isə güzəştlərin tətbiq şərtləri, xüsusilə iri İT şirkətləri ilə bağlı konkret meyarlar dəqiqləşdirilib. Onlar yalnız xarici fəaliyyətlə əlaqəli gəlirlər üzrə güzəştlər əldə edə biləcəklər. Bununla belə, geniş güzəşt siyasətinin əsas konsepsiyası doğru olaraq saxlanılıb.
Əvvəlki yazılarımda dəfələrlə vurğulamışam ki, dövlət sifarişləri üzərində "oturan", tenderlərdən böyük gəlirlər əldə edən iri İT şirkətlərinin sadəcə texnopark rezidenti olduqları üçün geniş güzəştlərdən yararlanması düzgün yanaşma deyil. Güzəştlər ilk növbədə yeni texnoloji məhsul yaradan, ixraca yönələn, innovasiyaya və tədqiqata sərmayə qoyan startaplara, KOB-lara və real əlavə dəyər yaradan şirkətlərə yönəldilməlidir. Həmçinin güzəştlərin verilməsi və nəticələrinin qiymətləndirilməsi şəffaf, ölçülə bilən meyarlara əsaslanmalıdır. Prezidentin qanunu imzalamadan yenidən baxılması üçün parlamentə qaytarmasını dövlət dəstəyinin daha dəqiq hədəflənməsi baxımından doğru və müsbət addım hesab edirəm. Ümid edirəm ki, yenilənmiş qanun Azərbaycan İT şirkətlərinin xarici bazarlara çıxışını genişləndirməyə, rəqabətqabiliyyətli məhsullar yaratmağa və ölkə iqtisadiyyatına real əlavə dəyər qazandırmağa xidmət edəcək".



















































