30 il tarix üçün böyük bir müddət deyil. Elə 30 illiklər var ki, o dövr barədə bir dəqiqə nəsə danışmağa belə söz tapmazsan. Ermənistanın ölkəmizə qarşı təcavüzü, ərazilərimizin işğalı ilə yadda qalan 30 il isə Azərbaycan tarixinin ən ağır və acı dönəmlərindən biri oldu.

Bu dövr təkcə yurd itkisi, işğal, məcburi köçkünlük, hərbi uğursuzluq və diplomatik dalan deyildi. Bu, Azərbaycan tarixinin, xalqımızın və dövlətimizin ağır sınağı idi.

Bu sınağın ən ağır dövrü Qarabağ savaşının başladığı illər oldu. Azərbaycan xalqı və dövləti həmin sınaqdan ağrı, acı və böyük itkilərlə keçdi. Müvəqqəti atəşkəslə savaşa ara verildi. Amma xalqımız bu dövr ərzində bir gün belə ümidini itirmədi. Dövlətimiz də bir gün belə diplomatik mübarizəni dayandırmadı, eyni zamanda savaşa açıq və qapalı hazırlığa ara vermədi.

Nəhayət, 27 sentyabr 2020-ci ildə gözlənilən qərar verildi və 44 gün ərzində 30 illik işğal və savaş dövrünə son qoyuldu.

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ölkəmizin ərazisindən çıxarılması məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Beləliklə cəmi 24 saatdan az müddətdə başa çatan tədbirlər nəticəsində ərazilərimiz üzərində dövlət suverenliyi təmin edilib.

Bu gün Azərbaycan ərazi bütövlüyünü tam təmin etmiş, suveren və qalib ölkədir. Böyük Qələbədən sonra təkcə ölkə daxilində deyil, regionda və dünyada Azərbaycanın nüfuzu artıb. Dövlət başçımız cənab İlham Əliyev dünya siyasəti və diplomatiya masalarında Azərbaycanın mövqeyini qətiyyətlə ifadə edir.

Artıq Azərbaycan dövləti və onun lideri danışıqlarda və siyasi masalarda qalib ölkənin mövqeyindən çıxış edir.

30 il davam edən ağır sınağın sonunda gələn Qələbə təkcə torpaqların azadlığı deyil, həm də xalqımızın itirilmiş inamının, qürurunun və tarixi ədalətə olan ümidinin bərpası oldu.

Təbii ki, qalib bir ölkənin vətəndaşı olmaq hər bir azərbaycanlı üçün böyük qürurdur.

Dövlət Suverenliyi Günü Azərbaycan xalqının öz dövlətçiliyinə, milli iradəsinə və ərazi bütövlüyünə bağlılığının rəmzidir. Bütün bunlar Azərbaycan xalqının birliyi, Ali Baş Komandanın iradəsi, şəhidlərimizin qanı, qazilərimizin şücaəti nəticəsində əldə olunub. Bu gerçəkliyi heç kim unutmamalıdır. 

Zaur Əhməd

"Unikal" Media Qrupunun baş redaktoru