İyulun 16-da Qusar şəhərində Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans keçirilir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri, din xadimləri, ilahiyyatçılar və ekspertlər iştirak edirlər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Azərbaycanın tolerantlıq ənənələrini, sülh və birgəyaşayış dəyərlərini əks etdirən “Azərbaycan – sülh və harmoniya məkanı” videoçarxı nümayiş olunub. Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi “Hər məsciddə kitabxana” layihəsi təqdim edilib. Layihə çərçivəsində bu il ölkənin müxtəlif bölgələrində yerləşən 220 məscidin kitabxana ilə təmin edilməsi nəzərdə tutulur. Tədbir iştirakçılarına, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin AMIN İnformasiya Sistemi təqdim olunub. Qeyd edilib ki, sistem Komitənin və tabeliyindəki qurumların fəaliyyətinin, göstərilən xidmətlərin və informasiya resurslarının operativ, şəffaf və əlçatan şəkildə idarə edilməsini təmin etmək məqsədilə yaradılıb.
"Unikal" xəbər verir ki, açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Komitə tərəfindən həyata keçirilən layihələrin məqsədlərindən biri dini-mənəvi dəyərlərin qorunmasıdır:
"Bu gün Azərbaycanda həyata keçirdiyimiz layihələrin bir neçə əsas məqsədi var. Bunlardan biri milli-mənəvi dəyərlərimizin qorunmasıdır. Digər məqsəd dini tolerantlığın, həmrəyliyin və ictimai sabitliyin möhkəmləndirilməsidir.
Bununla yanaşı, dövlətimizin həyata keçirdiyi rəqəmsallaşma siyasətinə uyğun olaraq Dövlət Komitəsinin və tabeliyində fəaliyyət göstərən qurumların rəqəmsallaşdırılması, eləcə də maarifçilik fəaliyyətinin daha da gücləndirilməsi əsas prioritetlərimizdəndir.
Ümumilikdə isə bu layihələrin başlıca məqsədi Azərbaycanda həyata keçirilən və unikallığı ilə seçilən dövlət-din siyasətinin, eləcə də dünyəvilik prinsiplərinin bir-birini tamamladığını nümayiş etdirməkdir.
Bir məqamı xüsusi vurğulamaq istəyirəm. Bu gün Azərbaycanda dövlət-din siyasətinin uğurla həyata keçirilməsi ilk növbədə ölkə başçısının dini konfessiyalara, dini mühitə və milli-mənəvi dəyərlərimizə verdiyi yüksək dəyərdən qaynaqlanır.
Eyni zamanda, bu dəyərlərin yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də təqdim olunması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti müstəsna əhəmiyyətə malikdir və hər birimiz bunu yüksək qiymətləndiririk.
Qusar dövlət-din siyasəti baxımından daim diqqət mərkəzində saxladığımız bölgələrdən biridir. Bu, yalnız bölgənin həssaslığı ilə deyil, eyni zamanda dini və etnik müxtəlifliyi ilə bağlıdır.
Burada müəyyən çağırışlar mövcud olsa da, biz dövlət qurumu və dövlət-din siyasətini tənzimləyən qurum kimi ilk növbədə imkanları görürük.
Hesab edirik ki, yerli icra hakimiyyəti, ictimaiyyət nümayəndələri və din xadimləri ilə birlikdə bu bölgədə dini zəmində yarana biləcək hər hansı təhdidin qarşısını almaq və belə halların gələcəkdə formalaşmasına imkan verməmək iqtidarındayıq".
Qeyd edək ki, konfrans çərçivəsində “Rəqəmsal media və dini diskurs: informasiya manipulyasiyası və dezinformasiya” və “Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti” mövzularında iki panel iclası keçiriləcək.
Panel müzakirələrində dini mövzuların mediada peşəkar işıqlandırılması, informasiya təhlükəsizliyi, dezinformasiyanın yaratdığı risklər, dini savadlılığın artırılmasında medianın rolu, həssas mövzuların ictimaiyyətə düzgün çatdırılması və dövlət-media əməkdaşlığının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbir iyulun 17-də Qubada yerləşən dini ibadətgahları əhatə edən mediaturla davam etdiriləcək. Mediatur çərçivəsində iştirakçılar Quba “Cümə” və “Səkinəxanım” məscidləri, “Dağ Yəhudiləri Muzeyi” və "Giləki" sinaqoqu ilə tanış olacaqlar.
Ağarza Elçinoğlu




.jpg)

















.jpeg)

.jpg)


.jpg)

























