Qarışıq döyüş növləri (MMA) üzrə tanınmış braziliyalı idman ustası Mişel Pereyranın UFC karyerasına nöqtə qoyulub.
"Unikal" xəbər verir ki, bu barədə "MMA Fighting" nəşrinin insayderi Gilyerme Kruz məlumat yayıb.
Bildirilib ki, əvvəlki müqaviləsinin müddəti bitdikdən sonra braziliyalı döyüşçü təşkilatla yalnız bir döyüşlük qısamüddətli anlaşma imzalayıb. Sözügedən həlledici qarşılaşma Bakıda baş tutan turnirdə reallaşıb və Pereyra rusiyalı Şara Bulletə (Şarabutdin Maqomedov) hakimlərin yekdil qərarı ilə uduzub.
Qeyd edək ki, 32 yaşlı idmançı UFC oktaqonunda çıxdığı döyüşlərdə ümumilikdə 10 dəfə qələbə sevinci yaşayıb, 6 dəfə isə məğlubiyyətlə barışmalı olub.
Xatırladaq ki, Şara Bulletlə gərgin keçən duelindən sonra Mişel Pereyra hakimlərdən kəskin şəkildə narazılığını bildirmişdi. Braziliyalı idmançı rəqibinin qayda pozuntularına - gözünə barmaq salmasına və saçından çəkməsinə baxmayaraq, hər hansı bir cəza almamasına sərt etiraz etmişdi.
Bu qarşılaşmada "Gecənin döyüşü" nominasiyasında qalib gəldiyi üçün rusiyalı idmançı Şara Bullet 100 min dollar məbləğində xüsusi mükafata layiq görülmüşdü.












.webp)








































