"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov REAL TV-nin efirində deyib ki, AzTV hər gün 7-10-a yaxın problem xarakterli materialı tamaşaçılara təqdim edir

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, bu reportajlar hazırlanarkən jurnalistikanın etik normaları və peşə prinsipləri gözlənilir, eyni zamanda qarşı tərəfin mövqeyi də mütləq öyrənilərək efirdə yer alır.

Rövşən Məmmədov qeyd edib ki, əvvəllər bu cür materiallar AzTV-də demək olar ki, yayımlanmırdı və buna görə də hazırkı yanaşma bəziləri üçün qeyri-adi görünür.

AzTV sədri əlavə edib ki, hazırda müxbirlər hadisə yerlərindən canlı bağlantılar edərək həm narazı vətəndaşların, həm də qarşı tərəfin mövqeyini işıqlandırırlar. Onun sözlərinə görə, bu yanaşmaya görə kanala bəzən narazılıq zəngləri də daxil olur. Lakin o vurğulayıb ki, dövlət televiziyası olsa belə, AzTV-nin borcu ölkədə mövcud problemləri işıqlandırmaq və onları ictimaiyyətə çatdırmaqdır.