I–IV qruplar üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 21.4%-i (19425 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən 0 bal toplayıb.

"Unikal" xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

Bildirilib ki, I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 21.4%-i imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, ya da cavabları təhlil aparmadan təsadüfi qaydada seçib: “Təbii ki, belə abituriyentlərin yanlış cavablarının sayı düzgünlərin sayından qat-qat çox olub, nəticədə, düzgün cavabların yanlış cavablar nəzərə alınmaqla təshih edilmiş qiyməti sıfırdan kiçik alınmış və qəbul qaydalarına əsasən sıfıra bərabər qəbul olunub. Təəssüf ki, gənclər arasında birtərəfli hazırlıqla ali təhsil müəssisələrinə qəbul olmaq arzusunda olanlar hələ də var.

DİM şagird və abituriyentlərin nəinki imtahan fənlərinə, həmçinin ümumtəhsil məktəblərində tədris olunan digər fənlərə lazımi diqqət göstərməsinin tərəfdarıdır. Sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin, əsasən, seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, digər fənləri isə, heç olmasa, proqramın minimum tələbləri səviyyəsində öyrənməməsi halları mövcuddur. Məktəb rəhbərləri, eləcə də müəllimlər şagirdlərin bütün fənlər üzrə ən azı minimum proqram həcmində bilik almasına nail olmalı, imtahana düşən fənləri yaxşı bildiklərinə görə digər fənləri lazımınca öyrənməmələrinə güzəşt etməməlidirlər”.