Son 5 ay ərzində aksiz vergisinə cəlb olunan mallar arasında spirtli içkilər 4 milyon 440 min 750,03 litr, energetik içkilər isə 3 milyon 499 min 860,72 litr təşkil edib.

"Unikal" xəbər verir ki, bu barədə Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinin əməkdaşı Orxan Sultanov açıqlayıb.

Onun sözlərinə görə, 141 milyon 385 min ədəd qızdırılan tütün məhsulu, 59 milyon 449 min 680 ədəd digər tütün məmulatı və 18 min 928,16 kiloqram qəlyan tütünü dövriyyəyə daxil olub.

Təqdim olunan statistikaya görə, hesabat dövründə 24 min 783 minik avtomobili rəsmiləşdirilib. Onlardan 14 min 960-ı benzin, 6 min 815-i hibrid, 2 min 526-sı dizel, 482-si isə tam elektrik mühərrikli avtomobillər olub.

Məlumatda ekoloji cəhətdən daha təmiz hesab edilən hibrid və elektrikli nəqliyyat vasitələrinin sayında artım müşahidə olunduğu vurğulanıb.

Bununla yanaşı, ölkəyə 2 min 641 yük avtomobili, 1 min 960 digər təyinatlı nəqliyyat vasitəsi, 723 yəhərli dartıcı və 590 qoşqu idxal olunaraq aksiz vergisinə cəlb edilib.

Ağarza Elçinoğlu