Mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinun heyətinə yeni oyunçu cəlb olunub.
AFFA-dan "Unikal"a verilən məlumata görə, Belçikanın "Sent-Truiden" klubunun yarımmüdafiəçisi Mustafa Kamara U-21 millinin düşərgəsinə qoşulub.
18 yaşlı sol cinah yarımmüdafiəçisi 2025/2026-cı illər mövsümündə "Sent-Truiden"in U-18 komandasının heyətində ümumilikdə 19 oyun keçirib, 2 qol vurub.
U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, Mustafa Kamara 2007-2012-ci illərdə "Qəbələ"nin formasını geyinmiş Abdulkader Kamaranın oğludur. Mustafa 2008-ci il martın 3-də Azərbaycanda anadan olub.














































