Mayın 23-də Azərbaycan Muaytay-Tayboks Federasiyasının növbəti ümumi yığıncağı keçirilib. İclas çərçivəsində Araz Musayevin yenidən federasiya prezidenti seçilməsi məsələsi səsverməyə çıxarılıb. Ümumi yığıncaq iştirakçılarının böyük əksəriyyətinin dəstəyi ilə Araz Musayev 23 may 2026-cı il tarixindən etibarən Azərbaycan Muaytay-Tayboks Federasiyasının prezidenti seçilib. Eyni zamanda struktur dəyişiklikləri ilə bağlı məsələlərin müzakirəsi zamanı İdarə Heyətinin üzvü Azər Həsənsoy idarə heyətinin üzvlüyündən kənarlaşdırıldığı, onun yerinə Şəhriyar İsayevin seçildiyi bildirilirdi.

Yayılan məlumatlarla bağlı "Unikal"la əlaqə saxlayan Azər Həsənsoy bildirib ki, seçkinin keçirilməsi və bir sıra qərarların qəbul olunması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil:

"Ümumiyyətlə, Araz Musayev federasiya prezidenti deyil. Federasiyanın prezidenti rəsmən mənəm. Kiminsə idarə heyətindən çıxarılması yeni seçilmiş kollektivin səlahiyyətlərinə aiddir. Araz Musayev 2024-cü ilin noyabr ayında federasiyadan çıxarılıb. Həmin vaxtdan etibarən onun heç bir səlahiyyəti yoxdur", - deyə o qeyd edib.

Azər Həsənsoy saytımıza Ədliyyə Nazirliyinin rəsmi çıxarışını təqdim edib.

Məsələ ilə bağlı Muaytay-Tayboks Federasiyasından "Unikal"a bildirilib ki, federasiyanın yarandığı gündən 22 üzvü olub:

"Onlardan 3 nəfəri Azər Həsənsoyun məhkəməyə təqdim etdiyi ərizələrlə könüllü olaraq üzvlükdən çıxıblar. Yəni, üzvlərin sayı 19 nəfər olub. Beləliklə, sahəvi qanunvericiliyə əsasən, federasiyanın 11 üzvü ilə keçirilən yığıncaqlar və qəbul edilmiş qərarlar tam qanuni hesab edilir. Bu, həmçinin digər dövlət orqanlarında reyestrdən keçmək üçün də hüquqi əsasdır. Bizim 23 may tarixində keçirilmiş yığıncağımız bütün üzvlərə öncədən məlumat verilməklə, qanuni legitim əsaslarla baş tutub. Yığıncaqdan əvvəl həm Gənclər və İdman, həm də Ədliyyə nazirliklərinə dəvət məktubları göndərilib.  İclasda 11 nəfər iştirak edib. Onu da qeyd edək ki, iclas Araz Musayev tərəfindən yox, beynəlxalq səviyyəli hakim Fərid Qarayevin rəhbərlik etdiyi 10 nəfərdən ibarət təşəbbüs qrupu tərəfindən çağırılıb. F.Qarayev həmin iclası idarə edib. İclasda Araz Musayev təkrarən federasiya prezidenti seçilib. Azər Həsənsoyun idarə heyətindən kənarlaşdırılması isə qanuni tələb idi, çünki federasiyanın yekdil çıxış etməsinə mane olurdu. İclasda qəbul olunan qərarlar barəsində bütün sənədlər hazırlanır və məlumatlar rəsmi qaydada Ədliyyə Nazirliyinə təqdim ediləcək. 

Xatırladırıq ki, Muaytay-Tayboks Federasiyasının həm 2022-ci, həm də 2026-cı ildəki yığıncaqlarında Araz Musayev prezident seçilib. Bu, tam hüquqi əsaslarla baş verib", - deyə açıqlamada qeyd olunub.

Murad İbrahimli