Dünya Kuboku kimi yüksəksəviyyəli turnirdə iştirak etmək hər bir idmançı və məşqçi üçün uşaqlıqdan qurulan ən böyük arzudur. Ən güclü komandalara qarşı dünya çempionluğu uğrunda mübarizə aparmaq bizim üçün həm böyük qürur, həm də ciddi məsuliyyətdir.

"Unikal" xəbər verir ki, bu sözləri basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ratomir Deliç deyib.

Mütəxəssis iyunun 1-dən 7-dək Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək Dünya Kuboku ilə bağlı fikirləri bölüşüb. O bildirib ki, komanda meydanda olduğu hər 10 dəqiqə ərzində maksimum diqqətini, enerjisini və mübarizə əzmini ortaya qoymağa çalışacaq: “Məqsədimiz hər oyuna yalnız qələbə düşüncəsi ilə çıxmaq və ölkəmizi layiqincə təmsil edərək uğurlu nəticə qazanmaqdır. Turnirdə dünyanın ən güclü 3x3 basketbolçuları və yüksəksəviyyəli komandaları iştirak edəcək. Bununla belə, biz heç bir rəqibdən çəkinmirik. İnanıram ki, hazırkı fokusumuzu və oyun intizamımızı qorusaq, istənilən komandaya qarşı rəqabət aparacaq gücə sahibik”.

R. Deliçin sözlərinə görə, yığmanın əsas məqsədi meydanda öz oyununu göstərmək və potensialını maksimum səviyyədə ortaya qoymaq olacaq: “Bunu bacarsaq, nəticədən asılı olmayaraq çıxışımızdan razı qala bilərik”.

Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokunda Niderland, Polşa, Çexiya və Madaqaskar yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.