"Məktəblərdə hər il uşaq sayı təhlil olunur. Burada bir məqsəd var ki, sistem rasionallaşsın və təhsilin keyfiyyəti artsın".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev azsaylı şagirdi olan məktəblərin birləşdirilməsi məsələsindən danışarkən deyib.

Nazir bildirib ki, hazırda bu məsələ ilə bağlı iki istiqamətdə işləyirlər: 

"Bir istiqamət şagirdlərin nəqliyyat vasitəsi ilə daşınmasıdır. Burada məntiq ondan ibarətdir ki, azsaylı şagirdi olan məktəblərdən daha çox böyük məktəblərdə təhsil daha keyfiyyətlidir. Bu addım şagirdlərin gələcəyinə müsbət təsir edir. İkinci istiqamət isə 5-10 nəfər şagirdi olan deyil, 20-25 nəfər şagirdi olan məktəblərə aiddir. Burada da hələ danışma mövcuddur. Amma bu ildən distant təhsil modeli üzərində də işləyirik. Bu da özünü doğruldur. Daha kiçik məktəblər yerini dəyişmədən onlayn tədris apara bilirlər. Bu halda məktəb kənddə qalır, müəllim digər yerdən distant təhsil aparır. Yay aylarında şagird sayı təhlil olunduqdan sonra bu istiqamətdə işlər davam etdiriləcək".