Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü keçirilib.

"Unikal" xəbər verir ki, kayihənin budəfəki qonağı YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov olub.

Əvvəlcə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək Azərbaycan gənclərinin milli ruhlu vətəndaş kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın inkişaf strategiyasının müəllifi olduğunu deyib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib.

Elman Məmmədov məhz Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclərin qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb. 

Həmçinin qeyd olunub ki, “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi Ulu Öndər Heydər Əliyevin və Onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətini, ölkəmizin müasir inkişaf strategiyasının siyasi- ideoloji dayaqlarını dərindən anlamağa imkan yaradır.

YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müdrik siyasi lider Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün daim azərbaycanlı olması ilə fəxr edən Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır - xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun siyasi xəttini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib.