Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Qeyd edilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunub.

İmtahanda iştirak üçün 22780 bakalavr ərizə təqdim edib.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub. Müvafiq hal protokollaşdırılaraq həmin şəxs imtahandan xaric olunub. Hazırda qeyd olunan qayda pozuntusu ilə bağlı araşdırma aparılır.

Fevralın 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

Bu gün saat 15:00-da DİM-in "Youtube" kanalı (https://www.youtube.com/stateexamcenter) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Bakalavrlar suallarını "Youtube"da müvafiq yayımın altına yaza bilərlər.

XXX

09:15

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının I cəhdini keçirir.

"Unikal" xəbər verir ki, imtahanda iştirak etmək üçün 22 min 780 bakalavr qeydiyyatdan keçib. Onlardan 20 min 790 nəfəri Azərbaycan, 1 990 nəfəri isə rus bölməsi üzrə imtahan verir. İştirakçıların 15 min 391-i cari ilin, 7 min 389-u əvvəlki illərin məzunlarıdır. Həmçinin 47 xarici ölkə vətəndaşı imtahana qatılır.

Qəbul imtahanı Bakı, Sumqayıt, Abşeron, Gəncə, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərində ümumilikdə 88 binada təşkil olunub. İmtahanın təşkili və idarə olunmasına 88 ümumi rəhbər, 248 imtahan rəhbəri, 2 069 nəzarətçi və 297 mühafizə əməkdaşı cəlb edilib.

İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Xarici dil üzrə dinləyib-anlama mərhələsi ilə başlayan imtahanın ümumi müddəti 3 saat 30 dəqiqədir. Son 30 dəqiqə isə esse yazılışına ayrılır.

Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiqləyən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq özləri ilə gətirməlidirlər. Qadağan olunmuş əşyalarla imtahana gələn şəxslər imtahan zalına buraxılmır.