"Dövlət Statistika Komitəsinin 2023-cü ilin yanvarın 1-nə olan məlumata görə, ölkəmizdə pensiyaçıların sayı 1 milyon 114 min nəfər, 2022-ci ildə 1 milyon 200 min nəfər, 2020-ci ilin eyni dövründə isə 1 milyon 270 min nəfər pensiyaçı qeydiyyatda olub". 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

O bildirib ki, Azərbaycanda təxminən 1.8 milyon nəfər muzdla çalışır, onların 500 mindən artığı 350-550 manat maaş (median əməkhaqqı) alır. Onun sözlərinə görə, son 3 ildə əmək pensiyası alanların sayı 156 min nəfər azalıb, əksinə, yaşa görə müavinət alanların sayında artım baş verib:

"Belə ki, 2021-ci ilin 1 yanvar statistikasına görə, ölkədə 102 min nəfər aylıq 220 manat müavinət alırdısa, 3 ildə rəqəm 50 min nəfər artıb. Vətəndaşlar arasında 65 yaşı tamam olsa da pensiya kapitalının yetərli səviyyədə olmadığına görə dövlətdən 220 manat müavinət alanların sayı artır. Bəllidir ki, pensiya kapitalının həddi 40.320 manat təşkil edir. Belə şəraitdə, pensiya kapitalının miqdarı ilə bağlı dəyişikliyin aparılmasına dair müxtəlif çağırışlar var, lakin onun büdcə təsirini yalnız hökumət və müvafiq nazirlik verə bilər. Ümidvarıq ki, oxşar hesablamalar hökumətdə daim aparılır. Əlbəttə, fərqindəyik ki, ölkəmizdə bir pensiyaçıya 1.5. işləyən şəxs düşür və beynəlxalq orta göstəricisindən aşağıdır. İ01 yanvar 2023-cü il tarixə ölkə üzrə 126.117 nəfər yaşa görə əmək pensiyaçı əmək fəaliyyətini davam etdirir. Bu kateqoriyadan olan şəxslər Fonda işsizlikdən sığorta haqqı ödəməsinə baxmayaraq, əmək fəaliyyətini dayandırdıqda işsiz şəxslər üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmirlər. Həqiqətən də belə insanlar ya ödənişdən azad olmalıdılar, ya da artıq yaşa görə işdən azad olunduqları halda müəyyən sığrta ödənişi əldə edə bilərlər".

Anar Kəlbiyev