Son zamanlarda Azərbaycanın avtomobil bazarında daha əvvəl rast gəlinməyən hal yaranıb. Vətəndaşların əksəriyyəti artıq yeni maşınlar almağa başlayıblar. Bunun sadə səbəbi var: Çin istehsalı olan avtomobillərin ölkəyə gətirilməsi. Bazar qiymətlərinə nəzər saldıqda aydın şəkildə görünür ki, Çin istehsalçılarının satışa çıxardığı avtomobillərin qiyməti ənənəvi markalardan xeyli aşağıdır.

Məsələ ondadır ki, əvvəl Azərbaycanda yeni maşınların satışı bu qədər çox deyildi. Vətəndaşlar adətən ikinci əl avtomobillərə üstünlük verirdilər.
Xatırlatmaq yerinə düşər ki, 2023-cü ilin mart ayında Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi qadağan edildi. Nəticədə, azərbaycanlı xaricdən ən yaxşı halda 9 yaşı olan avtomobil idxal edə bilərdi. Bu qərardan bir müddət sonra dəyəri daha aşağı olan Çin avtomobilləri bazara daxil oldu və vətəndaşların bir hissəsi həmin maşınları almağa başladılar.

Beləliklə, Azərbaycanda ikinci əl bazarında durğunluq dövrü başladı. İllərdir avtomobil satışı ilə məşğul olan şəxslər bildirirdilər ki, bazarda alıcı tapmaq olduqca çətindir. İstehsal ili köhnə olan avtomobillərin satışında ciddi problemlər yaşandı. Üstəlik, həmin avtomobillərin qiyməti də ucuzlaşdı. Durğunluğun bu günə qədər davam etdiyi məlum həqiqətdir.
Başqa bir vacib məqam: Çin avtomobillərinin ucuz olmasının səbəblərindən biri də onların əksəriyyətinin hibrid və “plaq-in” hibrid texnologiyalarına sahib olmasıdır. Belə ki, istehsal ili 3 ilə qədər olan hibrid avtomobillər idxal zamanı əlavə dəyər vergisindən (ƏDV) azaddır.

1 yanvar 2026-cı ildə isə bu güzəştin müddəti bitir. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub ki, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə ƏDV-dən azad olacaq. Güzəşt hibrid avtomobillərə şamil olunmayıb. Növbəti ildən ölkəyə idxal olunan hibrid maşınların qiymətinin artacağı gözlənilir. Fərz edək ki, şəxsi istifadəniz üçün xaricdən ölkəyə hibrid avtomobil idxal edirsiniz. Həmin maşın Azərbaycana bütün xərclər daxil olmaqla 30 min manata başa gəlirdisə, 2026-cı ildən həmin avtomobilin qiymətinin üzərinə ƏDV məbləği gələcək. Nəticədə 30 min manata satılan maşın artıq 35 min manatdan da baha olacaq.
İndi isə 2025-ci ildə Azərbaycana nə qədər avtomobil idxal edildiyinə nəzər yetirək. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən demək mümkündür ki, 2025-ci ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycana 1 milyard 605 milyon 21 min dollar dəyərində 85 min 257 ədəd nəqliyyat vasitəsi (avtomobil) idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 336 milyon 585 min dollar və ya 26,5%, miqdar ifadəsilə 18 min 972 min ədəd və ya 28,6% artım deməkdir.
Oktyabr ayına qədər ölkəmizə 1 milyard 431 milyon 843 min dollar dəyərində 78 min 205 ədəd minik avtomobili idxal olunub (ötən ilin eyni dövründə 1 milyard 105 milyon 538 min dolar dəyərində 59 min 479 ədəd minik avtomobili idxal edilmişdi).

Onların 12 min 555 ədədi hibrid, 31 min 873 ədədi "plaq-in" hibrid, 1 559 ədədi isə tam elektrik nəqliyyat vasitələridir. Bu idxal üçün ümumilikdə 916 milyon 829 min dollar sərf edilib.
Statistikadan da aydın şəkildə görünür ki, ölkəyə idxal edilən avtomobillərin yarıdan çoxu hibrid maşınlar və elektromobillərdir. Elektromobillərin idxalda çəkisi isə hibrid və "plaq-in" hibrid maşınlardan xeyli azdır. Ehtimal etmək olar ki, güzəşt müddətininin yalnız elektromobillər üçün uzadılması həmin nəqliyyat vasitələrinin idxalında müəyyən qədər artıma səbəb olacaq.
Yeri gəlmişkən: Azərbaycana avtomobil idxalının artmasının səbəblərindən biri də taksi sistemində edilən yeniliklərdir. Daha dəqiq desək, 2024-cü ilin 1 iyul tarixindən etibarən, yaşı 8 ildən çox olan avtonəqliyyat vasitələrinə taksi fəaliyyəti üçün buraxılış kartı verilmir. Belə olan halda taksi sürücüləri də yeni avtomobil almağa məcbur olurlar. Səbəb isə çox sadədir: Taksi üçün nəzərdə tutulan avtomobil ən azı 5-6 il işləməlidir ki, həm avtomobilin pulunu geri götürmək mümkün olsun, həm də müəyyən qədər gəlir əldə edilsin.

Hazırda taksi fəaliyyəti ilə məşğul olan avtomobillərə baxsaq görərik ki, onların əksəriyyəti dəyəri 20-25 min manat aralığında olan Çin istehsalı minik maşınlarıdır. Beləliklə, taksi ilə bağlı yeni qərarlar da ölkəyə idxal edilən maşınların sayının artmasına səbəb oldu.
Avtomobil idxalının artması isə son illərdə hamının şikayət etdiyi bir problemi üzə çıxardı: Tıxac məsələsi.

Bu gün Bakı şəhərində elə bir vəziyyət yaranıb ki, bəzi saatlarda ictimai nəqliyyatla hərəkət edərək mənzil başına daha tez çatmaq olur. Əlbəttə ki, ictimai nəqliyyatdakı sıxlıq problemi də vətəndaşların şikayət etdiyi digər məsələdir.
Bəs görəsən, 2026-cı ildə Azərbaycanın avtomobil bazarında vəziyyət necə olacaq?
Bu suala ekspertlərlə birlikdə cavab tapmağa çalışdıq. Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, daxili bazarda olan hibrid avtomobillərin qiyməti artıb: “Hibrid avtomobillərə güzəştlər 2026-cı ilin yanvarın 1-dən ləğv ediləcək. Buna baxmayaraq, artıq ölkə daxilində təklif olunan yeni hibrid maşınların qiyməti təxminən 10 faiz yüksəlib. Həmin avtomobillərə tələb indi də çoxdur. Hibrid avtomobillər bizim ölkəmizdə populyar hesab olunur”.

E.Cəfərov qeyd edib ki, yanvar ayından etibarən hibrid avtomobillərin qiymətindəki artım təxminən 20 faiz təşkil edəcək: “Bu, zəncirvari olaraq benzin və dizel mühərrikli avtomobillərin qiymətlərinə də mənfi təsir göstərəcək. Həmin maşınların da qiyməti müəyyən qədər arta bilər. Ehtimal etmək olar ki, yeni maşınların qiymətinin artması səbəbindən vətəndaşlar ikinci əl avtomobil bazarına daha çox müraciət edəcəklər. Bu tendensiya 2016-2017-ci illərdə də baş vermişdi. Həmin vaxt ölkədə devalivasiya baş vermişdi. Nəticədə yeni avtomobillərin qiyməti xeyli artmışdı. Bu isə insanların ikinci əl avtomobil bazarından daha istifadə etmələrinə gətirib çıxarmışdı.
Hazırda ikinci əl avtomobil bazarındakı vəziyyətə nəzər salsaq görərik ki, mühərrik həcmi 3 000 kub/sm-dən çox olan nəqliyyat vasitələrinə maraq azalıb. Daha çox alınıb-satılanlar isə 15-20 min manat aralığında olan maşınlardır”.
Ekspert Azərbaycanda elektromobillərin satışı ilə bağlı hansı addımların atılmalı olduğunu açıqlayıb: “Elektromobillərin satışının artması üçün münbit şərait yaradılmalıdır. Dövlət bu məsələdə üzərinə düşəni edib. Məlumdur ki, elektromobillərin ölkəyə idxalı zamanı güzəştlərin müddəti daha bir il uzadılıb. Bu o deməkdir ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin vətəndaşlar tərəfindən istismarının stimullaşdırılması proqramı davam etdirilir. Sadəcə, elektromobilləri vətəndaşlar üçün daha da əlçatan və maraqlı etmək üçün ölkədə enerji doldurma məntəqələrinin (EDM) sayı artırılmalıdır. Hazırda EDM-lərin əksəriyyəti Bakı şəhərində və Abşeron rayonunda təşkil edilib. Bölgələrimizdə və digər şəhərlərimizdə isə onların sayı olduqca azdır. EDM-lərin sayı birbaşa olaraq elektromobillərin sayına mütənasibdir. EDM-lərin sayı artmasa, elektromobillərin satışında da ciddi artım olmayacaq.
Buna görə də, EDM-lərin yaradılmasında yeni stimullaşdırıcı qərarlar qəbul edilməlidir. Mən düşünürəm ki, dövlət tövsiyə xarakterli qərar çıxara bilər ki, hər yanacaq doldurma məntəqəsində elektrik avtomobillər üçün ən azı bir ədəd enerji cihazı olsun”.
Eldəniz Cəfərov 2026-cı ildə Azərbaycana taksi üçün gətiriləcək avtomobillərin dəyişəcəyini gözləmir: “Mənim fikrimcə, taksi üçün növbəti ildə də hazırda ölkədə istifadə olunan maşınlar gətiriləcək. "Plaq-in" hibrid texnologiyasına sahib olduqları üçün, əlbəttə ki, onların da qiyməti artacaq, lakin yenə də taksi sürücülərinin həmin maşınlara üstünlük verəcəyini ehtimal edirəm. Onların qiyməti baha deyil. Qiymət artımından sonra da çox baha olmayacaq. Eyni zamanda, həmin maşınlar ekonomdur, az yanacaq istifadə edirlər. Bu səbəbdən, məncə taksi üçün elə həmin maşınlar gətiriləcək”.
İqtisadçı ekspert Xalid Kərimli də hibrid avtomobillərin qiymətinin artacağını düşünür: “Artım təxminən 18 faiz ətrafında olacaq, çünki qiymətin üzərinə ƏDV əlavə olunacaq. Vergi də alıcılardan tutularaq dövlətə ödəniləcək. Qiymət artımı səbəbindən hibrid avtomobillərə təlabat aşağı düşəcək. Benzin və dizel mühərrikli avtomobillərə maraq yenidən artacaq. Son illərdə bazarda hibrid avtomobillər ənənəvi maşınları sıxışdırmışdı. Hesab edirəm ki, ümumi avtomobil alışı sayı aşağı düşəcək. Alıcılar bilirdilər ki, hibrid maşınlara güzəşt onların qiymətinin xeyli aşağı olmasına gətirib çıxarır. Bu səbəbdən 2025-ci ildə çox sayda hibrid avtomobil idxal olundu. 2026-cı ildə isə avtomobil idxalı azalacaq deyə, sığorta şirkətlərinin və kredit verən bankların dövriyyəsi müəyyən qədər aşağı düşə bilər”.

X.Kərimli vurğulayıb ki, elektromobillər alıcılar arasında o qədər də populyar deyil: “Həmin maşınların müəyyən problemli tərəfləri mövcuddur. Azərbaycanda elektromobillər üçün infrastruktur tam olaraq formalaşmayıb. Bu maşınların sahibləri hər zaman elektrikdən asılı olurlar. Elektromobillər qısa məsafəli şəhər sürüşləri üçün daha uyğundur. Belə olan halda alıcılar ikinci maşın kimi elektrik mühərrəkli avtomobilə üstünlük verirlər”.
Ekspert sonda qeyd edib ki, ikinci əl avtomobillərin qiyməti artacaq: “Növbəti ildən biz bunu müşahidə edəcəyik. Benzin və dizel yanacağı ilə işləyən maşınların qiymətinin təxminən 10 faiz artacağını güman etmək olar”, - deyə Xalid Kərimli fikrini yekunlaşdırıb.
Sonda deyə bilərik ki, 2026-cı ildə avtomobil bazarı 2025-ci ildən fərqlənəcək. Hibrid avtomobillərə maraq azalacaq, vətəndaşlar yenidən ənənəvi avtomobillərə üstünlük verəcəklər. Ölkəyə avtomobil idxalının necə dəyişəcəyini isə zaman göstərəcək.
Murad İbrahimli
