Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə vergi amnistiyası ilə bağlı qanun layihəsi daxil olub. Bu qanun layihəsi hansı zərurətdən yarandı?
İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, burada söhbət qısa müddətdə büdcəyə vergi yığmaqdan gedir: "Bunun özü büdcənin vəziyyətinin yaxşı olmadığını göstərir. Hiss olunur ki, vergi öhdəliyini yerinə yetirmək üçün müəyyən resurslardan istifadə olunur. Yaxın günlərdə bəzi fəaliyyət qruplarında müəyyən vergilər tətbiq olundu. Görünür, bu addım vergi borcu olanların yükünü azaltmaq məqsədi daşıyır. Əslində vergi borcu olanların özləri də araşdırılmalıdır. Hər hansı bir güzəşt olunursa, mən bunu normal qəbul edirəm. Hesab edirəm ki, bu cür halların gələcəkdə tez-tez baş verməsi pis bir tendensiya yarada bilər. Belə bir fikir formalaşar ki, komunal xidmətlərdə olduğu kimi, vergi borcuda tez -tez silinə bilər. Qanun layihəsi qəbul olunduqdan sonra daha detallı danışmaq olar.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi ilə bağlı mətbuata açıqlamasında deyib ki, təqribi hesablamalara görə, vergi amnistiyası nəticəsində 600 mln. manat sahibkarların sərəncamında qalacaq."Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən bu dəyişiklik sahibkarlığa dəstəyin bariz nümunəsidir", - deyə Z. Səmədzadə vurğulayıb.
Həsən Babayev
