Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Litva və Latviya respublikalarında səfərdə olub.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində Litvanın Vilnüs və Latviyanın Riqa şəhərlərində kənd təsərrüfatı nazirlikləri, Dövlət Qida və Baytarlıq Xidməti, Kənd Təsərrüfatı Məlumat Mərkəzi və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib.

Görüşlərdə heyvanların fərdi identifikasiyası və elektron qeydiyyatı, məlumat bazalarının idarə olunması, digər informasiya sistemləri ilə inteqrasiya, heyvanların hərəkətinin izlənilməsi, eləcə də Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) rəqəmsal infrastrukturunun inkişafı məsələləri müzakirə olunub, bu sahələrdə təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, Litva və Latviyanın qabaqcıl təcrübəsinin öyrənilməsi HİQS-in müasir rəqəmsal həllər əsasında təkmilləşdirilməsinə, heyvan sağlamlığına nəzarətin və qida təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verəcək.