Bir il əvvəl Ermənistan elektrik enerjisi artıqlığına malik bir dövlət idi.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Rosatom" Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçevlə görüşündən danışarkən deyib. 

"Biz həmin enerjini harada istehlak edəcəyimizi düşünməli idik. Bir il sonra isə Ermənistan elektrik enerjisi çatışmazlığı olan dövlətə çevrilib, çünki avqustun 8-də ABŞ Prezidenti ilə mənim aramda müxalifətin 'heç bir məna kəsb etmədiyini' iddia etdiyi bir anlaşma memorandumu imzalandı."

Baş nazir əlavə edib ki, məsələ ondadır ki, artıq təsdiqlənmiş investisiya layihələri elə miqyasdadır ki, Ermənistan elektrik enerjisi çatışmazlığı ilə üzləşir: "Başqa sözlə, həmin investisiya layihələri bizim bütün artıq enerjimizi tamamilə istehlak edir. Biz nə edəcəyimizi düşünməliyik. İlk növbədə, elektrik enerjisinin idxalı imkanları və öz istehsal mənbələrimiz barədə düşünməliyik."

O, vurğulayıb ki, modul tipli nüvə elektrik stansiyasından başqa heç nəyə ehtiyac yoxdur.

Paşinyan 100 meqavatlıq nüvə elektrik stansiyasının ən məntiqli həll yolu ola biləcəyini istisna etməyib.

Ağarza Elçinoğlu