Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təşkil olunan “Keyfiyyət yönümlü tədris: yeni təlim metodlarının tətbiqi təcrübələri” mövzusunda iki günlük təlim kursunu uğurla başa çatdıran iştirakçılara sertifikatlar təqdim edilib.
"Unikal" xəbər verir ki, Ali təhsil müəssisələrində müasir təlim metodlarının tətbiqi və keyfiyyət yönümlü tədrisin təkmilləşdirilməsinə həsr olunan təlimin yekununda keçirilən sertifikat təqdimetmə mərasimində TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Elçin Cəfərov və şöbənin böyük məsləhətçisi Bəyim Abdulla iştirak ediblər.
Mərasimdə ATMU-nun rektoru İlham Mədətov, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı və təlim iştirakçıları da yer alıblar. Çıxış edən rektor İlham Mədətov təhsildə keyfiyyət təminatının və müasir tədris yanaşmalarının ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, bu kimi təlimlər akademik heyətin peşəkar bacarıqlarının artırılmasına və tədris prosesinin daha səmərəli təşkilinə əhəmiyyətli töhfə verir.
Prorektor Araz Aslanlı isə təlim proqramının iştirakçılar üçün faydalı təcrübə mübadiləsi platforması yaratdığını bildirib. TKTA-nın şöbə müdiri Elçin Cəfərov da çıxışında keyfiyyət yönümlü tədrisin ali təhsildə dayanıqlı inkişafın əsas amillərindən biri olduğunu vurğulayaraq, bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirin sonunda təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.






















































