Yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektor cəlb ediləcək.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Toxumçuluq haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, orijinal və elit toxumların istehsalı seleksiyaçının nəzarəti altında elmi tədqiqat və təhsil müəssisələrinin təcrübə təsərrüfatlarında, habelə toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə cavab verən ixtisaslaşmış təsərrüfatlarda, sertifikatlı toxumların istehsalı isə bu fəaliyyət növü ilə məşğul olan toxumçuluq təsərrüfatlarında həyata keçiriləcək. Seleksiyaçılar normativ hüquqi aktlara uyğun olaraq fərdi qaydada və ya digər seleksiyaçılarla birlikdə orijinal və elit toxumların istehsalı ilə məşğul ola bilərlər.

Calaqaltı və calaqüstü anaclıqların yaradılması üçün xəstəliklərə və ziyanvericilərə davamlı bitki materialları toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq müvafiq elmi tədqiqat müəssisələrində və ya ixtisaslaşmış tingçilik təsərrüfatında istehsal olunacaq.
Artırılma mərhələsindən asılı olaraq kənd təsərrüfatı bitki sortlarının toxumlarının (tinglər istisna olmaqla) aşağıdakı kateqoriyaları müəyyən edilir:

- orijinal toxum;

- elit toxum;
- sertifikatlı toxum.

Artırılma mərhələsindən asılı olaraq tinglərin aşağıdakı kateqoriyaları müəyyən edilir:

- orijinal ting;

- əsas (baza) ting;

- sertifikatlı ting;

- standart ting.

Qeyd edilib ki, layihə toxumçuluq sahəsinin iqtisadi əsaslarını yeniləyir. Belə ki, qüvvədə olan qanuna əsasən yüksək nəsilli toxumlar kvota əsasında istehsal edilir ki, bu da bazar iqtisadiyyatı şəraitində rəqabəti əngəlləyirdi. Yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi bu sahədə rəqabət mühiti yaratmaqla, özəl seleksiyanın və özəl ilkin toxumçuluğun inkişafına şərait yaradacaq.